...

Heydər Əsədov kənd təsərrüfatı sahəsində bəzi problemlərin həlli üçün təkliflərlə çıxış etdi

Cəmiyyət Materials 27 Yanvar 2015 23:23 (UTC +04:00)
İlk növbədə 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdiyinizə görə Sizə kənd təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı və ali ehtiramımızı bildirim. Biz böyük məsuliyyət hissi ilə anlayırıq ki, belə bir qərarın qəbul edilməsi aqrar sektorun işçilərinə göstərilən böyük etimadla yanaşı, Sizin qarşınızda olan öhdəliklərimizi layiqincə yerinə yetirmək üçün daha böyük məsuliyyət yaradır.
Heydər Əsədov kənd təsərrüfatı sahəsində bəzi problemlərin həlli üçün təkliflərlə çıxış etdi

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

"İlk növbədə 2015-ci ili "Kənd təsərrüfatı ili" elan etdiyinizə görə Sizə kənd təsərrüfatı işçiləri adından öz dərin minnətdarlığımızı və ali ehtiramımızı bildirim. Biz böyük məsuliyyət hissi ilə anlayırıq ki, belə bir qərarın qəbul edilməsi aqrar sektorun işçilərinə göstərilən böyük etimadla yanaşı, Sizin qarşınızda olan öhdəliklərimizi layiqincə yerinə yetirmək üçün daha böyük məsuliyyət yaradır".

Trend-in məlumatına görə, bunu yanvarın 27-də Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında deyib

Nazir bildirib ki, dünyada ilk dəfə Prezident tərəfindən irəli sürülmüş və ölkəmizin bütün ərazisinin inkişafının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsini nəzərdə tutan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının müvəffəqiyyətlə icra olunması "vahid milli iqtisadi məkan"ın tarixi nümunəsini formalaşdırmaqdadır:

"Dünya Bankının məlumat bazasına əsasən Dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olmuşdur. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil etmişdir.

Bu illər ərzində milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmış, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırmışdır.

Hesabat ilində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil etmiş, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməmişdir.

Hesabat ilində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olmuşdur. Bu dövr ərzində ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının həcmi isə 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olmuş, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalmışdır. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir.

H.Əsədov deyib ki, istehsalın intensivləşdirilməsi müasir dövrdə qlobal inkişafın əsas istiqamətini təşkil edir: "Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən son onilliklər ərzində dünya üzrə əkin sahələri 9 faiz artdığı halda, bitkiçilik məhsullarının həcmi 2,3 dəfə, dünya üzrə mövcud mal-qaranın sayı 26 faiz artdığı halda, süd istehsalı 61 faiz artmışdır. Ölkəmizdə də son 10 ildə eyni tendensiyanın saxlanılması aqrar siyasətin əsas prinsiplərindən biri olan kənd təsərrüfatının intensiv metodlarla inkişafının stimullaşdırılması üçün dəfələrlə verdiyiniz tapşırıqların, eləcə də bu istiqamətdə imzaladığınız fərman və sərəncamların məntiqi nəticəsidir".

Nazirin fikrincə, məhz bunların nəticəsidir ki, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi, ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələmişdir: "Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olmuş, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunmuşdur.

Bir il öncə mən bu kürsüdən çıxış edərkən kənd təsərrüfatı işçilərinin dövlətin bu sahəyə qayğısını yüksək qiymətləndirməklə bərabər, müasir kənd təsərrüfatı texnikasının dəyərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması, alınmış texnika ilə bağlı yaranmış borcların müəyyən hissəsinin dövlət hesabına ödənilməsi, mineral gübrələrin satış qiymətinə tətbiq edilən dövlət güzəştinin həcminin artırılması arzusunda olduqlarını ali diqqətinizə məruzə etmişdim.

Bu gün sonsuz minnətdarlıq hissi ilə qeyd edirəm ki, Sizin göstərişiniz əsasında kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilmişdir.

Bütün bunlar isə kənd təsərrüfatına göstərilən sistemli dövlət qayğısının əhəmiyyətli dərəcədə artması ilə bərabər, hətta dünyada belə güzəştlərin azaldığı bir zamanda Sizin onların yanında olduğunuzu və Azərbaycan iqtisadiyyatının nə dərəcədə dayanıqlı olduğunu bir daha göstərir".

H.Əsədovun sözlərinə görə, dövlət qayğısının artırılmasının nəticəsidir ki, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olmuşdur: "Belə ki, hesabat ilində kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artmışdır. Son ildə alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil etmişdir. Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi hesabat ilinin payına düşmüşdür.

Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə bilmişlər. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərmişdir.

Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoхillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilmişdir.

2014-cü ili ölkəmiz ilə FAO arasında əməkdaşlığın dönüş ili adlandırmaq olar. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilmişdir. İndiyədək yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi, qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan dövlətinin siyasi iradəsindən xəbər verir.

Dövlət başçısının tapşırığına uyğun olaraq Bakı şəhərində hər həftə sonları və bayram günləri təşkil edilən yarmarkaların fəaliyyəti daha da təkmilləşdirilmişdir. Özəl biznes subyektləri ilə əməkdaşlıq sistemi yaradılaraq iqtisadi tənzimləmə və valyuta bazarında olduğu kimi ərzaq bazarına natural məhsullarla "intervensiya" tədbirləri nəticəsində həm Qurban bayramı, həm də Yeni il ərəfəsində bazarlarda tələbata uyğun məhsul bolluğu yaradılmış və qiymət dəyişmələri baş verməmişdir.

FAO-nun hesablamalarına görə, qlobal səviyyədə istehsal həcmini lazımi səviyyədə artırmaq üçün inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatına tələb olunan illik xalis investisiya qoyuluşu təqribən 83 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu investisiyaların 60 faizdən çoxunun məhz kənd təsərrüfatı istehsalına xidmət edən bazar infrastrukturuna yönəldilməsi zəruri hesab edilir. Bütün bunlar, Azərbaycan dövlətinin anbar-tədarük və topdansatış bazar infrastrukturunun inkişafını dəstəkləməklə bağlı siyasətinin qlobal çağırışlarla tam səsləşdiyini göstərir.

Əvvəldə qeyd etdiyim quraqlıq və əlverişsiz hava şəraiti səbəbindən toxumçuluq sahəsində yaranmış ciddi problemlərin Sizin göstərişinizlə dövlət büdcəsindən ayrılan 2,8 milyon manat vəsait hesabına bir sıra rayonlarda fermerlərə pulsuz toxum verilməsi yolu ilə qısa müddət ərzində aradan qaldırılması insanların bu sahəyə olan marağının azalmasına imkan verməmişdir.

Cənab Prezident, fürsətdən istifadə edərək kənd zəhmətkeşlərinin Sizə olan sonsuz inam və istəyini ifadə edərək aşağıdakı problemlərin həlli istiqamətində ali diqqətinizi xahiş edirik:

- yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi;

- ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması;

- tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması;

- mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun olardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti