...

Təcridxanada olan sabiq MTN generalları nəzarətə götürülüb (YENİLƏNİB)

Cəmiyyət Materials 13 Avqust 2016 12:05 (UTC +04:00)
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək rütbəli sabiq əməkdaşları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.
Təcridxanada olan sabiq MTN generalları nəzarətə götürülüb (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan yüksək rütbəli sabiq əməkdaşları Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında nəzarətə götürülüblər.

Trend-in əldə etdiyi məlumata görə, bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər.

Mənbənin məlumatında bildirilir ki, A.Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.

Mənbə qeyd edir ki, hazırda həbsdə olan generallar - Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər - Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.

Məsələ ilə bağlı Trend-ə məlumat verən Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov bildirib ki, təqsirləndirilən şəxs Akif Çovdarovun intihar etməsilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: "1 saylı Bakı İstintaq Təcridxanasında xidmət isə əvvəlki kimi adi qaydada, müvafiq təlimatlara uyğun olaraq təşkil olunur. "MTN işi" ilə bağlı həbs olunan şəxslər xüsusi nəzarətə götürülməyiblər. Onların üzərinə nəzarət qoyulmasına ehtiyac yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti