...

Səmti müəyyən etmə üzrə açıq ölkə çempionatı başa çatdı (FOTO)

İdman Materials 10 Noyabr 2015 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Şabran və Xaçmaz rayonlarında Gənclər və İdman Nazirliyi, Vergilər Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin təşkilati dəstəyi ilə keçirilən səmti müəyyən etmə idman növü üzrə növbəti açıq ölkə çempionatına yekun vurulub.

Trend-in məlumatına görə, iki gün davam yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələri daxil olmaqla ümumilikdə 200-dən çox idmançı orta və uzun məsafə üzrə mübarizə aparıb. Belə ki, Qalaaltı meşə zolağında təşkil edilmiş orta məsafədə K21 kateqoriyasında Latviyalı Delins Kaspars bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatıb. Türkiyəli idmançı Cevdet Coşkun (AOSK) və Sergey Telegin (DİK) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Orta məsafədə olduğu kimi uzun məsafədə də D.Kaspars fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnib. Fövqəladə Hallar Nazirliyinin idmançısı Mirzə Hüseynzadə ikinci, C.Coşkun isə üçüncü olub.

Q21 kateqoriyasında orta məsafədə "Neftçi" klubunun idmançısı, dəfələrlə ölkə çempionu Nataliya Əliyeva qızıl medala sahib olub. Qalibdən bir neçə dəqiqə geridə qalan Anna Kamayeva (İrbis İK) gümüş, Verdiyeva Sevda (FHN) isə bürünc medal qazanıb. Həmin kateqoriyada uzun məsafədə N.Əliyeva bütün nəzarət məntəqələrində qeyd olunaraq yenə də fəxri kürsünün ən yüksək zirvəsində yer alıb, Maşkova Olqa (DİK) və A.Kamayeva isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

İki günün nəticəsinə uyğun olaraq isə komanda hesabında "Neftçi" klubu bütün rəqiblərini geridə qoyaraq yarışın kubokunu qazanıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası ikinci, Dağçılıq İdman Klubu isə üçüncü olub.

Sonda qalib və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti