Bakı. Trend:
Abituriyentlərin valideynləri məktəblərdə sinif rəhbərlərinin şagirdlərin şəxsi kabinetinə giriş üçün şəxsi məlumatları tələb etməsindən şikayət edirlər. Onların sözlərinə görə, məktəb direktorları bu məlumatları birbaşa deyil, sinif rəhbərləri vasitəsilə abituriyentlərin DİM sistemindəki şəxsi kabinetlərinə giriş üçün toplayırlar.
Trend-ə mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu cür məlumatların tələb edilməsi qanunsuzdur:
“Məktəb rəhbərliyinin abituriyentlərdən bu məlumatları istəmək hüququ yoxdur. Bu məlumatlar məxfi saxlanılmalıdır. Dövlət İmtahan Mərkəzi də həmin məlumatların üçüncü şəxslərə ötürülməməsi barədə xəbərdarlıq edir. Heç bir müəllim və ya məktəb abituriyentdən şəxsi kabinetə giriş məlumatlarını tələb edə bilməz.”
Təhsil eksperti qeyd edib ki, şəxsi kabinet məlumatları DİM-in rəsmi internet səhifəsində abituriyentin şəxsiyyət vəsiqəsi əsasında yaratdığı fərdi hesabdır:
"Buraxılış imtahanı üçün məktəbin şagirdə verdiyi şəxsi məlumatlar isə yalnız buraxılış imtahanında iştirak məqsədi daşıyır və qəbul prosesi ilə əlaqəli deyil.
Ali təhsil müəssisələrinə qəbul prosesi — imtahanlarda iştirak, ixtisas seçimi və digər mərhələlər — artıq tam şəkildə DİM-in sistemində yaradılan şəxsi kabinet vasitəsilə həyata keçirilir".
Dövlət İmtahan Mərkəzindən isə sorğumuza cavab olaraq bildirilir ki, (DİM) sistemində yaradılan şəxsi Kabinet yalnız DİM-in xidmətlərindən istifadə zamanı tətbiq olunur:
"Şəxsi kabinet ali təhsil müəssisələrinə qəbul imtahanları və DİM-in təşkil etdiyi digər imtahanlar üçün nəzərdə tutulub. Buraxılış imtahanlarında iştirak etmək üçün şəxsi Kabinetdə qeydiyyat tələb olunmur. Şəxsi Kabinetin istifadəçi adı və parolu məxfi saxlanılmalı və üçüncü şəxslərə ötürülməməlidir".
Məktəb rəhbərliyi DİM-in sistemindəki abituriyentin şəxsi kabinetinə giriş parolunu istəyə bilərmi və yaxud müəllim şagirdə "səni mən qeydiyyatdan keçirməliyəm" tələbi qoya bilərmi?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən sualımıza cavab olaraq bildirildi ki, vətəndaşın icazəsi alınmadan bu kabinetə daxil olmaq yolverilməzdir:
"Şəxsi kabinet hər bir vətəndaşın şəxsi istifadəsi üçün nəzərdə tutulub və onun icazəsi olmadan bu kabinetə daxil olmaq yolverilməzdir".
