Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun öz missiyasını layiqincə yerinə yetirə bilməməsi fonunda Türkiyə kifayət qədər obyektiv görünür. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bazar ertəsi jurnalistlərə bildirib.
Əhmədov bildirib ki, Azərbaycan dəfələrlə Türkiyənin Dağlıq Qarabağ probleminin həll olunmasında böyük rol oynaya biləcəyi fikrini vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri aprelin 18-də Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq Qarabağ və Kipr məsələlərinin nizamlanmasında konstruktiv oyunçu ola bilər.
Digər tərəfdən, Əhmədov hesab edir ki, indiyə qədər vasitəçilik missiyasında sanki ədalətsiz format mövcud idi.
"Vasitəçilərin tərkibinə nəzər saldıqda görürük ki, Azərbaycanın maraqlarını müdafiə edəcək hər hansı bir tərəf yoxdur. Eyni zamanda vasitəçilər tərəfsiz də deyillər. Yəni bir tərəfdən vasitəçilər tərəfsiz deyillər, digər tərəfdən Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək vasitəçi yoxdur. Belə olan halda, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında rolunun əhəmiyyəti daha da artır", - Əhmədov deyib.
Əhmədov hesab edir ki, Türkiyənin bütövlükdə Cənubi Qafqazda rolu, regionla bağlı proseslərin həll olunmasında rolu və perspektivləri münaqişənin nizama salınmasına da əhəmiyyətli təsir göstərmək imkanlarını yaradır.
"Azərbaycan vətəndaşları olaraq biz bunu ədalətli hesab edirik. Con Kerri tərəfindən belə fikirin səsləndirilməsi də təsadüfi deyil", - o deyib.