Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın bir neçə rayonunda bu ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan I Milli Ecazkar Oyunlar Çempionatında iştirak etmək istəyən gənclərin seçimlərinə başlanılıb.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətindən cümə günü Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun birgə dəstəyi ilə keçirilən çempionatın təşkilinə hazırlıq məqsədilə Lənkəran, Salyan və Şirvan şəhərlərində seçim turları və seminarlar keçirilir.
Seminarlarda gənclərə dünyada ildə bir dəfə olmaqla keçirilən beynəlxalq səviyyəli ecazkar zehni oyunlar yarışı (İnternational Puzzle Party-İPP), Nob Yoşiqahara ecazkar oyunlar müsabiqə barədə məlumatlar verilir, bu oyunun şərtləri haqqında iştirakçılar məlumatlandırılır. İştirakçılara bildirilir ki, beynəlxalq səviyyəli zehni oyun çempionatı iştirakçıları təmsil etdikləri ölkənin yarış qalibləri olmalı, həm yeni oyun yaratmalı həm də öz yeni ixtiralarını, ecazkar oyun nümunələrini özləri təqdim etməlidirlər.