Azərbaycan, Bakı, 21 may /Trend, müxbir Səba Ağayeva/
Bakıda keçiriləcək ilk Avropa Oyunları bütün Avropa üçün birlik və ilhamverici idman bayramı olacaq, qitədə sülh və dialoq işinə əhəmiyyətli töhfə verəcək. Bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas deyib.
V.Lastauskas bildirib: "Azərbaycan ilk Avropa Oyunları üçün infrastrukturun inkişafı sahəsində həqiqətən möhtəşəm işlər görüb. Bunu diqqətlə müşahidə etmək üçün yaxşı imkanımız var, belə ki, Litva səfirliyi ilk Avropa Oyunlarının keçiriləcəyi yerlərdən birinin yaxınlığında yerləşir. Mənə məlumdur ki, Azərbaycanın iri beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəsi var və biz Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminik".
Diplomatın sözlərinə görə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı razılığını verməklə, ölkənin açıq və tolerant olduğunu, Avropa eyniyyətini təsdiqlədi. Səfir həmçinin qeyd edib ki, Litva oyunlarda 100 nəfərdən çox nümayəndə heyəti ilə təmsil olunacaq: "Nümayəndə heyətinə Litvanın ən yaxşı idmançıları daxil olacaq. Onlar bir çox yarışlarda iştirak edəcəklər. Ümid edirəm ki, idmançılarımız İlk Avropa Oyunlarında medal qazanacaqlar".