...

QHT rəhbəri: Azərbaycanın Avropa Oyunları kimi böyük bayramını korlamaq olmaz

Baku 2015 : EUROGAMES Materials 26 May 2015 16:52 (UTC +04:00)
"Avropa Oyunlarını Bakıda keçirməkdən əsas gəlirimiz Azərbaycanı tanıtmaq, onu bütün dünyada reklam etmək olacaq".
QHT rəhbəri: Azərbaycanın Avropa Oyunları kimi böyük bayramını korlamaq olmaz

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

"Avropa Oyunlarını Bakıda keçirməkdən əsas gəlirimiz Azərbaycanı tanıtmaq, onu bütün dünyada reklam etmək olacaq". Trend-in məlumatına görə, bunu "Hüquqi Yardım" İctimai Birliyinin sədri İlqar Qasımov Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının rəhbərlərinin iştirakı ilə ilk Avropa Oyunları ilə bağlı keçirilən "dəyirmi masa"da bildirib.

Hüquq müdafiəçisi Azərbnaycan xalqını bu oyunları dəstəkləməyə çağırıb: "Mən çox istərdim ki, biz bir insan kimi dövlətimizin bu böyük idman oyunlarının keçirilməsinə öz dəstəyimizi verək. Biz buna çox sevinməliyik. Hamımızın yadındadır ki, ötən əsrin 80-ci illərində olimpiadaların boykotu nəyə gətirib çıxardı. Raketlər bir-birinə qarşı dayandı. 80-ci illərin ortalarından sonra böyük konfrontasiya, silahlanma getdi, nəticədə də SSRİ-nin buna iqtisadi gücü çatmadı, sonda dağıldı, süquta uğradı. Ona görə də I Avropa Oyunlarının Bakıda keçirilməsi çox böyük hadisədir və biz bunu müdafiə edirik".

İ.Qasımovun sözlərinə görə, ölkədə hüquq müdafiəçiləri 3 yerə bölünüb. Onlardan bir qismi bəzi məsələləri qabartmaqla Azərbaycanda Avropa Oyunları kimi böyük bayramı korlamaq istəyir: "Yalnız iqtidarı müdafiə edənlər var ki, onlara beynəlxalq təşkilatlar qulaq asmır. Müxalifətdə dayanıb dövlətin yaxşı işində də - ağa qara deyənlər var ki, onların əksəriyyəti ya respublikada yoxdur, ya da həbsxanadadırlar. Eyni zamanda, bizim kimi 3-cü, ağa ağ, qaraya qara deyən, həmçinin nöqsanları göstərən və bu yöndə hökumətlə dialoqa gedən hüquq müdafiəçiləri də var. Bura yığılan insanlar məhz sonuncuları təmsil edir. Bəzi psevdovətənpərvərlər var ki, Avropa Oyunlarına çəkilən xərcləri şişirdirlər. Məncə, bu məsələdə təkcə Azərbaycanın maddi gəlirini düşünmək lazım deyil. Əsas gəlirimiz Azərbaycanı tanıtmaq, onu bütün dünyada reklam etmək olacaq. İdman oyunlarının keçirilməsində maddi ilə yanaşı, işin mənəvi tərəfi, ölkənin tanıtdırılması məsələləri də var. Burada oturanlardan 3 nəfəri məhz insanların həbsdən azad olunmasına, cəzalarının azaldılmasına çalışan insanlardır. Hesab edirəm ki, hökumətlə dialoqa getmək, eyni zamanda, Avropaya, dünya ictimiayyətinə və Azərbaycanı gözü götürməyən bəzi beynəlxalq təşkilatlara mesaj vermək lazımdır ki, problemlər olsa da, onların həlli istiqamətində işlər də gedir. Buna görə Azərbaycanın Avropa Oyunları kimi böyük bayramını korlamaq olmaz".

Onun fikrincə, Azərbaycan hökuməti bu Oyunlara qədər bütün işlərini məntiqi ardıcıllıqla görüb: "Məsələn, Milli Stadion təkcə Avropa Oyunlarına görə tikilməyib. Bu Oyunlara ev sahibliyi hüququ Azərbaycana veriləndə artıq stadionun təməli qoyulmuşdu. Atletlər kəndi də indi tikilməyib. O binalar 4-5 ildir ki, hazırdır. Əsas məqsəd Azərbaycanda Olimpiya Oyunlarını keçirtmək idi. Hesab edirəm ki, Avropa və İslam oyunlarından sonra Azərbaycanda daha böyük idman oyunları, həmçinin olimpiada keçiriləcək. O vaxt isə həmin oyunların keçirilməsi bizə daha ucuz başa gələcək".

Qeyd edək ki, Azərbaycanın nüfuzlu hüquq müdafiəsi təşkilatlarının təşəbbüsü və Trend İnformasiya Agentliyinin informasiya dəstəyi ilə ilk Avropa Oyunları ilə bağlı "dəyirmi masa" keçirilib.

Trend İnformasiya Agentliyinin konfrans zalında keçirilən "dəyirmi masa"da müxtəlif mövqedə olan hüquq müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən Azərbaycan Demokratiyanın İnkişafı və İnsan Haqları Müdafiəsi Fondu, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı, "Humanitar Tədqiqatlar" İctimai Birliyi, Azərbaycan İnsan Haqları Mərkəzi, "Hüquqi Yardım" İctimai Birliyinin rəhbərləri iştirak ediblər.

"Dəyirmi masa"da aparılan müzakirələrdən sonra müraciət qəbul olunub. Müraciətdə Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası pislənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti