...

Qərəzli və problemli Qərb mətbuatı

Baku 2015 : EUROGAMES Materials 5 İyun 2015 19:08 (UTC +04:00)
Azərbaycana qarşı qarayaxma kampaniyası aparan xarici media qurumları öz ölkələrindəki acınacaqlı vəziyyətə göz yumurlar.
Qərəzli və problemli Qərb mətbuatı

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycana qarşı qarayaxma kampaniyası aparan xarici media qurumları öz ölkələrindəki acınacaqlı vəziyyətə göz yumurlar.

İyunun 12-də Azərbaycanın paytaxtı Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu oyunlara təxminən 50 ölkədən 6 minə yaxın atlet qatılacaq. Avropa Oyunlarının dünyada ilk dəfə keçirildiyini, beynəlxalq əhəmiyyət daşıdığını nəzərə alan Azərbaycan cəmi iki il yarım ərzində bu yarışlara yüksək səviyyədə hazırlıq görüb. Oyunlara ev sahibliyi etmək üçün bu günə qədər ölkə ərazisində inşa edilən bütün idman qurğularına, o cümlədən rayonlardakı olimpiya idman komplekslərinə, paytaxtda yerləşən idman obyektlərinə baxış keçirilib, zərurət yarandığı halda onların bəzisində əsaslı təmir işləri aparılıb. Bununla yanaşı, bəzi idman yarışlarının keçirilməsi, idmanın həmin növünün maddi-texniki bazasının daha da gücləndirilməsi məqsədi ilə yeni müasir komplekslər də inşa edilib. Belələrinə misal kimi Milli Gimnastika Arenasını, Bakı Olimpiya Stadionunu, Atıcılıq Mərkəzini, Su İdman Sarayını, BMX Veloparkını və digər kompleksləri göstərmək olar. Bütün bu arenalar müasirliyinə və möhtəşəmliyinə görə dünyanın ən tanınmış idman qurğularından heç də geri qalmır. Əksinə, bir çox parametrlər üzrə bir çoxunu üstələyir. Bundan başqa, Xəzər dənizinin sahilində, Bakı şəhərinin müxtəlif ərazilərində inşa olunan yeni idman obyektləri paytaxtımızın memarlıq inciləri sırasına daxil olmaqla yanaşı, şəhərimizin mənzərəsinə yeni gözəllik gətirir.

Ancaq əfsuslar olsun ki, yaradılan memarlıq inciləri, görülən işlər, Azərbaycanın hərtərəfli inkişafı, paytaxt Bakının günü-gündən gözəlləşməsi, insanlarımızın həyat səviyyəsinin yaxşılaşması bir sıra xarici qüvvələrin qısqanclığına, narahatlığına səbəb olur. Xüsusən də ermənipərəst dairələr və onların təsiri altında olan media qurumları Azərbaycan əleyhinə təbliğat aparır, ölkəmiz haqqında dezinformasiya, heç bir əsası və sübutu olmayan məlumatlar yayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara, xalqın iradəsinə söykənən müstəqil siyasəti öz bəhrəsini verdikcə, ölkəmiz regionun lider dövlətinə çevrildikcə anti-Azərbaycan şəbəkə dərhal qarayaxma kampaniyasına başlayır. Bu "canfəşanlıq" Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər keçirilən zaman daha geniş vüsət alır. Acınacaqlı hal isə ondan ibarətdir ki, bir sıra hallarda xaricdən idarə olunan şər-böhtan kampaniyasına daxilimizdə 5-ci kolon funksiyasını yerinə yetirənlər də "dəstək" olurlar. "Avroviziya-2012" beynəlxalq musiqi yarışması öncəsi bu istiqamətdə fəallıq nümayiş etdirən həmin dairələr indi də eyni dəsti-xətt üzrə Azərbaycanı, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq vəziyyətini ən müxtəlif bəhanələrlə, qərəzli şəkildə tənqid etməyə başlayıblar.

Azərbaycanda öz maraqlarını güdən, Cənubi Qafqazın lider dövlətinin müstəqil siyasətini planlarına əngəl hesab edən xarici ölkələr bu yolla ölkəmizə təsir etmək niyyəti güdürlər. Bu zaman isə transmilli korporasiyalardan, onların saxta təbliğatından geniş istifadə olunur. Amma gəlin görək, insan haqları, söz və mətbuat azadlığı, polis-vətəndaş münasibətləri baxımından Qərb ölkələrində vəziyyət necədir?

Bu gün Azərbaycanı sərt şəkildə tənqid edən, ölkəmizdə söz və mətbuat azadlığına qadağanın olmasını, siyasi fəaliyyətinə və əqidəsinə görə insanların həbs olunduğunu iddia edən xarici media qurumlarından biri Böyük Britaniyanın "The Guardian" qəzetidir. Bu qəzetin səhifələrində davamlı olaraq Azərbaycan barədə iftira dolu məqalələr yer alır. Lakin İngiltərənin özündə KİV-lərin tam susdurulması və nəzarət altına alınması barədə bu qəzet bir kəlmə də olsa yazmır, yazmağa cəsarət eləmir. Çünki 2010-cu ildə bu ölkədə medianın etik davranışlarına nəzarət edən Xartiya qəbul edilib. Yaradılan yeni xüsusi qurum Britaniyada media üzərində dövlət nəzarətini bərpa etməsinə şərait yaradıb. Xartiyadan irəli gələrək, "etik çərçivə"dən kənara çıxan media qurumları hətta 1 milyon funt sterlinqədək cərimələnə də bilərlər. İngiltərə mediası barədə ölkənin bu cür sərt qərar qəbul etməsinə əsas səbəb "The Guardian"-ın Kral ailəsi haqda ifşaedici materiallar yayması olub.

Tətbiq edilən sərt qadağalardan sonra hakimiyyətin bəyənmədiyi materialları yazan və yayan blogerlər də İngiltərədə islamofob əsaslarla "radikal" adı ilə həbs olunmağa başlanılıb. 2011-ci ildə yerli əyalətlərdən birinin meriyasının iclasını lentə aldığı üçün jurnalist Ceki Tompson həbs edilib və o, bu günə qədər həbsxanada cəza çəkir. Ümumiyyətlə, İngiltərədə bu növ qadağalar, cəza tədbirləri yalnız media qurumlarını deyil, sosial şəbəkələrdən istifadə edən vətəndaşlara qarşı da sərt şəkildə tətbiq edilir. Misal üçün, 2014-cü ildə iki nəfər İngiltərə vətəndaşı - İzabella Sorley və Con Nimmo Twitter sosial şəbəkəsində yazışdıqları feminist insan haqları müdafiəçisi, millət vəkili Stella Kresini təhqir etdikləri üçün həbs ediliblər. Vestminister Krallıq Məhkəməsinə çıxarılan hər iki şəxs 2-3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Nədənsə, "The Guardian" bu faktları "görmür", yaxud görməyə cəsarəti çatmır, hətta ingiltərəli jurnalistə həmrəylik nümayiş etdirməyi də bacarmır. Ancaq Azərbaycanda konkret cinayət əməllərinə görə həbs olunan şəxsləri "azadlıq fədailəri", "müstəqil jurnalistlər" kimi qələmə verir, buna görə ölkəmiz ünvanına əsassız ittihamlar yağdırır. Öz ölkəsinin vətəndaşlarını, jurnalist həmkarını, onların ədalətsiz həbsini bir kənara qoyan, bunları işıqlandırmağa cəsarəti çatmayan, yaxud "öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran" "The Guardian"-da azərbaycanlı "təəssübkeşliyi" nədən qaynaqlanır? Bu kimi çoxsaylı faktlara nəzər salanda "The Guardian"-ın iddia olunduğu qədər tərəfsiz və obyektiv olmadığını, maliyyə mənbələrinin işinə yaramayanda ən vacib məlumatların belə üzərinə pərdə çəkdiyini görmək olar.

İngiltərədəki qadağalara, jurnalistlərə və vətəndaşlara qarşı oxşar münasibətlərə ABŞ-da da rast gəlmək mümkündür. Misal üçün, 2013-cü ildə 28 yaşlı Ceremi Hammond adlı gənc 10 illik həbsə məhkum olunub. Həbsdən əlavə onun üç il müddətinə kompyuterdən nəzarət altında istifadə etməsi qərara alınıb. Cereminin günahı ABŞ-ın gizli tutmaq istədiyi 5 milyondan artıq elektron poçt məktubunu "Wikiliks"ə ötürməsidir. 2013-cü ildə Ceremi bu məsələ ilə bağlı həbsə məhkum edilən 4-cü şəxs olub. Barret Braun adlı jurnalist onun ötürdüyü məlumatları yayımladığı üçün məhkəmə qarşısına çıxarılıb, günahı sübuta yetiriləcəyi təqdirdə 105 illik həbslə üz-üzə qalıb. Sadalanan faktlara əlavə olaraq, 2012-ci ildə 23 yaşlı bloqer Dmitriy Dyatlovun öz bloqunda senator Cozef Libermanı sərt tənqid etdiyi üçün həbs olunmasını da göstərmək olar. 2006-cı ildə isə bloqerlər Hel Terner, Vikram Buddhi və Elişa Ştorm da öz bloqlarında müxtəlif çağırışlar etdiklərinə görə ABŞ-da həbs ediliblər. İndinin özündə də Amerikada bu kimi hadisələr diqqət çəkməkdədir. İrqi ayrıseçkilik zəminində ABŞ-da münaqişələrin baş verməsi, qaradərili insanların polis zorakılığına məruz qalması, etirazçıların həbs edilməsi adi hal alıb.

Elə bu günlərdə Avropa qitəsinə daxil olan ölkələrdə fəaliyyət göstərən jurnalist təşkilatlarının illik toplantısından qayıdan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli də Qərbdə jurnalistlərin fəaliyyəti ilə bağlı köklü problemlərin özünü göstərdiyini bildirib. O, iyunun 1-3-də Monteneqronun Budva şəhərində Avropanın 40 ölkəsindən 49 jurnalist təşkilatının qatıldığı toplantıda "Avropa məkanında medianın spesifik problemləri və yeni çağırışlar" mövzusunun geniş müzakirə olunduğunu söyləyib. Qeyd edib ki, Avropa Jurnalistlər Federasiyasının təşkilatçılığı və ATƏT-in dəstəyi ilə keçirilən tədbirdə qlobal media məkanının mütərəqqi inkişafında lokomotiv rolunu oynamalı olan Avropa mediasının özünün ciddi sınaqlarla üz-üzə qaldığı vurğulanıb. Xüsusi olaraq media sahibkarlığı məsələsində qeyri-şəffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsi və onların maraqlarının təmsilçisinə çevrilməsi ciddi müzakirə edilib. Bununla yanaşı, Avropa mediasında reklam işinin media üçün gəlir mənbəyi olmaq mahiyyətini itirərək iri korporasiyalar üçün maliyyə maxinasiyası vasitəsinə çevrilməsi, redaksiyalarda peşəkar jurnalist heyətlərinin kütləvi ixtisarı, əmək hüquqlarının qorunmaması, əmək haqqının azlığı kimi səbəblərdən media məkanında qeyri-peşəkarlığın sürətlə artması da narahatlıqla gündəmə gətirilib. Ən əsası isə Avropada jurnalist ölümü hallarının çoxalması, jurnalist təhlükəsizliyi məsələsinin aktuallaşması, onlayn medianın inkişafı ilə əlaqədar olaraq müəllif hüquqlarının qorunması məsələsində problemlərin yaranması qeyd olunub. M.Ələsgərli deyib ki, beynəlxalq jurnalist təşkilatlarında narahatlıq doğuran digər bir məqam, sadalanan problemlərin ayrı-ayrı ucqar ölkələr üçün deyil, ümumilikdə Avropa məkanı, inkişaf etmiş dövlətlər üçün xarakterik hala çevrilməsidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də Qərbdə, o cümlədən ABŞ və Avropa ölkələrində insan haqları, mətbuat azadlığı istiqamətində vəziyyətin heç də ideal səviyyədə olmadığını söyləyib. O, buna rəğmən həmin ölkələrə məxsus bir sıra media qurumlarının Azərbaycan üzərinə hücuma keçməsini siyasətdə ikili standartların növbəti təzahürü, məqsədli qarayaxma kampaniyası kimi qələmə verib: "Xüsusən də beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanda keçirildiyi zaman xarici dairələrin ölkəmizə qarşı olan hücumlar dayanmaq bilmir. Bunun məqsədi Azərbaycanı daxildən parçalamaq, vətəndaş qarşıdurması yaratmaq, ölkəni həm daxildə, həm də xaricdə ciddi problemlərlə üzləşdirmək cəhdidir. Çünki Azərbaycanın bu gün müstəqil daxili və xarici siyasət yeritməsi onların maraqlarına cavab vermir. Azərbaycanın özünün ordu quruculuğunu möhkəmləndirməsi də həmin dairələrin, anti-Azərbaycan təbliğatının tərkib hissəsi olan erməni diaspor təşkilatlarını da narahat edir. Onlar qarşılarında çətin bir işin durduğunu kifayət qədər yaxşı dərk edirlər. Bunların istədiklərinin həyata keçməsi üçün Azərbaycanda ciddi sosial problemlər və onları dəstəkləyəcək sosial baza yoxdur. Buna görə də belələrinin planlarının əsas hissəsi çirkin oyunları dəstəkləyən qruplar yaratmaqdır. Eyni zamanda dərk edirlər ki, həmin planları Azərbaycanda həyata keçirmək mümkün olmayacaq. Ona görə ki, Azərbaycana xalqı Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və ona inanır. Azərbaycan xalqı heç bir halda xaricin ölkəmizi müstəqillikdən məhrum etmək, onu özünün forpostuna çevirmək, Liviyada və Yəməndə olan hadisələri burada həyata keçirmək cəhdlərini heç bir halda dəstəkləməyəcək".

Ümumiyyətlə, araşdırmalar göstərir ki, Qərb ölkələrində, xüsusən də inkişaf etmiş ABŞ və Avropa ölkələrinin özündə insan hüquq və azadlıqlarının fundamental prinsiplərindən olan söz, ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılması geniş yayılmış təcrübəyə çevrilib. Jurnalist Eynulla Fətullayevin bu günlərdə nümayiş etdirdiyi filmi də açıq göstərdi ki, hətta İsveç, Norveç və Danimarka kimi ölkələrdə insanların bu və ya digər hadisələr barədə fərqli fikirləşmək, öz rəylərini və mülahizələrini bildirmək hüquqları sərt məhdudlaşdırılır. Əks təqdirdə, həmin insanlar böyük cərimələrlə, yaxud azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar. Lakin bütün bu gerçəklikləri Azərbaycan əleyhinə təbliğat aparan transmilli şirkətlər, ayrı-ayrı xarici media qurumları görmək istəmirlər. Azərbaycanda söz və fikir azadlığının guya məhdudlaşdırıldığını iddia edən xarici dairələr, təşkilatlar, media qurumları Avropanın ən inkişaf etmiş demokratik ölkələrində belə halların geniş vüsət almasından danışmaq, yazmaq, göstərmək niyyətində deyillər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti