Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Vüqar İmanov/
I Avropa Oyunları uşaqlar və gənclər üçün çox gözəl nümunə oldu. Bunu Trend-ə I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarında qalib gəlmiş Ayxan Tağızadə (68 kq) deyib.
Onun sözlərinə görə, bu nümunə sayəsində onlar idmanla daha fəal məşğul olacaqlar: "Dövlətimiz uşaqlar və gənclər arasında idmanın təbliği və inkişafına böyük diqqət ayırır, xeyli sayda turnir və beynəlxalq yarışlar keçirilir".
A.Tağızadə qeyd edib ki, taekvondo, həmçinin cəmiyyətlə harmoniyaya nail olmaq üçün məsuliyyətli və düzgün olmağın vacibliyini öyrədir: "Taekvondo fəlsəfəsi insanlara özləri və ətrafdakılarla harmoniya şəraitində yaşamağa imkan verən etik və mənəvi prinsiplərə əsaslanır".
İdmançımız əlavə edib ki, Avropa Oyunlarının qızıl medalını qazanmaq arzusu olub: "Mən onu reallaşdırmağa can atırdım. Şadam ki, buna nail oldum".