...

Daha bir qadın boksçumuz yarımfinalda (FOTO)

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 12:46 (UTC +04:00)
Daha bir qadın boskçumuz Avropa Oyunlarının boks yarışlarında yarımfinala vəsiqə əldə edib.
Daha bir qadın boksçumuz yarımfinalda (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlkin İzzət/

Daha bir qadın boskçumuz Avropa Oyunlarının boks yarışlarında yarımfinala vəsiqə əldə edib.

Trend xəbər verir ki, bu gün Avropa Oyunlarında Kristal Zalda keçirilən boks yarışlarında təmsilçilərimizdən ilk olaraq rinqə Azərbaycanı yüngül (57-60 kq) çəki dərəcəsində təmsil edən Yana Alekseyevna çıxıb. O, 1/4 finaldakı döyüşdə Rusiya boksçusu Zinaida Dobrınina ilə qarşılaşıb.

Yarımfinala vəsiqə verən döyüşün ilk raundunu boksçumuz cüzi üstünlüklə öz xeyrinə bitirib. İkinci raundda təmsilçimiz üstünlüyünü bir az möhkəmləndirib. Üçüncü raundda da Y.Alekseyevna rəqibinə daha çox zərbə endirib. Sonuncu, dördüncü raundda da Rusiya təmsilçisinə nisbətən daha cəld və çevik tərpənib, daha dəqiq zərbələr endirən Y.Alekseyevna qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, bu gün Avropa Oyunlarının boks yarışlarında daha 3 təmsilçimiz rinqə çıxacaq. Kişi boksçularımızdan orta çəkidəki (75 kq) təmsilçimiz Xaybula Musalov saat 13:30-da 1/4 final görüşündə Belorus idmançısı Vitali Bandarenka ilə üz-üzə gələcək.

Digər iki boksçumuz isə axşam saatlarında finala vəsiqə uğrunda rinqdə mübarizə aparacaqlar. Yarımfinal döyüşünə əvvəlcə, yarımyüngül çəkidəki (56 kq) bokçumuz Tayfur Əliyev çıxacaq. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 19:30-a planlaşdırılır.

Bu gün rinqə çıxacaq sonuncu təmsilçimiz yarımağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov olacaq. O, finala vəsiqə əldə etmək üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək.

Xatırladaq ki, dünən çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova (51-54), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq), Abdulkadır Abdullayev (91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına vəsiqə əldə ediblər.

Ondan daha öncə isə 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti