...

"Eurovision 2012"-nin ukraynalı təmsilçisi Azərbaycan milli mətbəxinin vurğunudur

Mədəniyyət Materials 28 Fevral 2012 12:55 (UTC +04:00)
Paytaxtında nüfuzlu Avropa mahnı müsabiqəsinin keçiriləcəyi Azərbaycan mədəniyyəti və milli mətbəxi "Eurovision 2012"-nin ukraynalı təmsilçisi Qaytananı həmişə cəlb edib.
"Eurovision 2012"-nin ukraynalı təmsilçisi Azərbaycan milli mətbəxinin vurğunudur

Azərbaycan, Bakı, 28 fevral / Trend, müxbir V.İmanov /

Paytaxtında nüfuzlu Avropa mahnı müsabiqəsinin keçiriləcəyi Azərbaycan mədəniyyəti və milli mətbəxi "Eurovision 2012"-nin ukraynalı təmsilçisi Qaytananı həmişə cəlb edib.

"Azərbaycanın mədəniyyəti və əlbəttə ki, milli mətbəxi məni həmişə cəlb edib. Azərbaycan əla artistləri olan böyük ölkədir. Sizin müsabiqədəki bütün çıxışlarınızı daim izləmişəm", - Qaytana Trend-ə müsahibəsində deyib.

Müğənninin sözlərinə görə, o xörək bişirməyi çox sevir və özünün nəhəng kulinariya reseptləri kolleksiyasına Azərbaycanın bir neçə milli xörəyini əlavə etməyi çox istəyir. "Mən bilirəm ki, sizdə ətin hazırlanmasının xüsusi resepti var...Onu əldə etmək istərdim", - o deyib.

Qaytana heç vaxt Azərbaycanda olmayıb. "Lakin mən həmişə sizdə olmağı istəmişəm. Nəhayət ki, arzum həyata keçəcək", - o deyib.

Qaytananın qarşıdakı "Eurovision 2012"-də iştirakdan çox parlaq gözləntiləri var. "Mənim başlıca vəzifəm öz ölkəmi layiqincə təmsil etmək, mövqe tutmaq, Avropa tamaşaçısının hörmət və məhəbbətini qazanmaq, eləcə də hamını bizə, Ukraynaya qonaq çağırmaqdır. Öz mahnımda mən "Be my guest" ("Qonağım ol") çağırıram. Mən hamımızın üzümüzdə xoş təbəssümlə və qəlbimizdə xeyirxahlıq olmaqla maneəsiz bütün dünyanı səyahət
etmək və onu dərk etmək, bir-birimizə qonaq olmaq üçün bütün dünyanın sıx dostluq münasibətində olmasını çox istəyirəm", - müğənni qeyd edib.

Onun sözlərinə görə, başqa ölkələrin nümayəndələrini qonaqpərvərliklə qarşılayan ölkənin etimadını və sevgisini qazanmaq çox vacibdir. "Biz indi səfərə çox ciddi hazırlaşırıq və hesab edirəm ki, biz tamaşaçını pərişan etməyəcəyik. Ümid edirəm ki, tamaşaçı da bizi layiqincə qiymətləndirəcək", - Qaytana güman edir.

Ukraynanın müsabiqədə təmsilçisi heç kimlə yarışmaq və ya proqnozlar vermək istəmir, çünki yaradıcılıq idman oyunu deyil.

"Artistin başlıca vəzifəsi səhnəyə çıxmaq və nəyə qadir olduğunu göstərməkdir. Mən öz çıxışımla bütün Avropanı təəccübləndirmək üçün əlimdən gələni edəcəyimi vəd edirəm. Bu il çoxlu layiqli artistlər var, hərçənd ki, hələlik yarıdan çoxu məlum deyil. Lakin artıq mən özüm üçün bəzi mahnıları seçmişəm və onları öz iPod-uma yazmışam", - Qaytana deyib.

Müğənninin sözlərinə görə, konqolu atası "Eurovision 2012" üzrə milli seçimdə onun qalib gəldiyini bildikdə hədsiz dərəcədə xoşbəxt olub. "O İnternetdə online rejimdə seçimi izləyib və nəticələrin elan edilməsindən sonra qızını ilk təbrik edənlərdən biri oldu", - o bildirib.

Qaytana - Lurdes "linqal" dilindən (Konqonun bütün sakinlərinin demək olar hamısı bu dildə danışır) tərcümədə "güclü və böyük" deməkdir. "Çoxları bunun mənim ləqəbim olduğunu düşünür. Əslində isə bu mənim əsl adımdır. Mən öz valideynlərimə məni məhz belə adlandırdıqlarına görə minnətdaram, axı ad insanın taleyində mühüm rol oynayır", - o deyib.

Xəbər lenti

Xəbər lenti