...

Gənclərin II Ümumrespublika Teatr Festivalının qalibləri açıqlanıb

Mədəniyyət Materials 1 Dekabr 2012 19:00 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı başa çatıb.
Gənclərin II Ümumrespublika Teatr Festivalının qalibləri açıqlanıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir B.Hacıyev/

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansının dəstək verdiyi Gənclərin II Ümumrespublika Teatr Festivalı başa çatıb.

Trend-in məlumatına görə, Dövlət Gənc Tamaşaçılar Teatrında qaliblərin adları açıqlanıb və mükafatlandırma mərasimi baş tutub. Tanınmış mədəniyyət və incəsənət xadimləri, millət vəkilləri və gənclərin qatıldığı mükafatlandırma mərasimində çıxış edən festivalın ideya müəllifi və rəhbəri, millət vəkili Jalə Əliyeva deyib: "Qalib gəlmək əhəmiyyətli deyil, əhəmiyyətli olan Azərbaycan gəncliyinin bariz nümunəsi Leyla Əliyevanın təşəbbüsü olan IDEA beynəlxalq layihəsindən ruhlanaraq, bu festivalda iştirak etmək, eyni zamanda, sənətdə ilk addımlarını atan gənclərə dəstək olmağımızdır".

Festivalın öz möhtəşəmliyi və maraqlılığı ilə digərlərindən fərqləndiyini deyən Azərbaycan-Amerika Alyansının icraçı direktoru Xəyal Şərifzadə festivalın əhəmiyyətindən danışıb. Millət vəkili Elmira Axundova, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Nazirlər Kabinetinin təmsilçisi və digərləri çıxış edərək iştirakçıları bu gənclik bayramı münasibətilə təbrik ediblər.

Obyektivliyin qorunması məqsədilə adları gizlin saxlanılan münsiflərin tərkibi də elan olunub: Azad Şükürov, Sənubər İsgəndərli, Şeyx Əbdül Mahmudbəyov, Həmidə Ömərova,Vasif Babayev, Bəhram Osmanov, Sevda Teymurova.

Nəhayət peşəkar münsiflər heyəti tərəfindən müəyyən olunan qaliblərin adları açıqlanıb: "Ən yaxşı tamaşa"ya görə I yerin qalibinə 3000 AZN (Ucar Mədəniyyət Evinin UMEO truppası, ssenari - Elçin Aslangil, rejissor - Ruslan Rəsul, "Biz zibilə düşmüşük"), II yerin qalibinə 2000 AZN ("Monomim" truppası, rejissor və ssenarist Gülnarə Məmmədova, "Yaşıl qan"), III yerin qalibinə isə 1000 AZN ("Simsar" truppası, ssenari - Nicat Əlizadə, rejissor - Sabir Məmmədov, "Müdaxilə") mükafat təqdim olunub. Bundan başqa müxtəlif nominasiyalar üzrə də qaliblər müəyyən edilib. Həmçinin bütün komandalara iştirakçı diplomları və gül dəstələri təqdim olunub.

Qeyd edək ki, festivalda ümumilikdə 13 komanda iştirak edib. Sonda səhnə gənclərin ixtiyarına verilib. Bütün komandalar səhnəyə çıxaraq festivalın "Dünya bizim evimiz" himnini səsləndirb.

Xəbər lenti

Xəbər lenti