...

Milli kinomuza bir baxış. Nəyi seçməli - “Art house”, yoxsa “Meinstrim”?

Mədəniyyət Materials 2 Avqust 2013 10:08 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Kino Gününü qeyd edir. Müasir kinomuzun ümumi problemlərindən xeyli danışmaq olar.
Milli kinomuza bir baxış. Nəyi seçməli - “Art house”, yoxsa “Meinstrim”?

Murad Əliyev-Trend-in icmalçısı

Bu gün Azərbaycan Milli Kino Gününü qeyd edir. Müasir kinomuzun ümumi problemlərindən xeyli danışmaq olar. Lakin düşünürəm ki, bu sahədə problemlərə ümumidən xüsusiyə doğru yanaşmaqdansa hərdən xüsusidən ümumiyə keçmək daha səmərəli olardı. İstənilən halda əhalini özünə cəlb edən kino nümunələri ortalığa qoyularsa, elə həmin tamaşaçıların axını bir çox məsələləri həll edəcək.

Bu xüsusda son illər Azərbaycan kinematoqrafiyasının ən uğurlu işlərindən biri - Tacikistanın "Didor" V Beynəlxalq Kinofestivalı xüsusi diplomuna layiq görülmüş, Ankarada (Türkiyə) XXIV Beynəlxalq kino festivalının iştirakçısı olmuş "Çölçü" filminə tamaşaçı nəzəri yetirmək yaxşı olardı.

Həmin filmə baxmayanlar üçün qısa təqdimat. ("Çölçü" filminin təqdimatının "Evim sənsin"lə eyni dövrə təsadüf etməsi mənə belə nəticəyə gəlməyə əsas verir ki, oxucular arasında çox az adam turk kinosunun növbəti "sabun operasını" qoyub öz pulunu və vaxtını milli kino sənətimizin bu nümunəsinə həsr edib).

"Çölçü" filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc Çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o yaxın məhəllədən gəlmiş qızla tanış olur. Qadınla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya bir addım olur.

Filmdəki insan-cəmiyyət qarşıdurması, insan-təbiət həmahəngliyi "Çölçü" əsərini oxumaq marağı yaratdı içimdə. Çünki dəfələrlə romanların, povestlərin kino variantının əsərdən qat-qat zəif olmasını müşahidə etmişik. Hətta Hollivud romanı canlı yarada bilmirsə, öz kino xadimlərimizdən nə gözləyək? Çətinliklə də olsa filmin ssenarisi ilkin versiyada olduğu kimi keçdi əlimə. Və... ssenarinin film başa çatana qədər olan hissəsi rejissor Şamil Əliyevin nə qədər incə iş gördüyünü sübut etdi. Filmin ssenarisində bəzən bir səhifə təsvir olunan hadisə və ya an cəmi bir neçə ştrixlə tamaşaçının ixtiyarına verilir. Misal üçün, ssenaridə cavan Çölçünün gözləri önündə baş verən avtomobil qəzası detallarla təsvir olunursa, filmdə yolla ilanvari şütüyüb keçən bir avtomobil, bir an sonra isə onun ardınca yollanan polis maşını və təcili tibbi maşın bütün mahiyyəti nümayiş etdirir.

Lakin bu eyforiya ssenarinin film verisyasının başa çatanadək olan hissəsini əhatə edir...

Filmin sonu belədir: bütün dünyadan təcrid olunan, dəvələrlə baş-başa yaşayan bir çölçünün həyatına daxil olan qadın onun çöl kimi boz həyatına rəng qatdığı qədər də, parlaq günlərini zülmətə çevirir - həmin qadının dünyaya gətirdiyi uşağın ondan olub-olmaması barədə tərəddüdlərlə baş-başa qalan Çölçü. İnsanın nə qədər vəhşi, tərki-dünya həyat sürməsindən asılı olmayaraq onun monoqam ailə strukturuna sadiqliyinin, ictimai qınağın həyatında müstəsna rol oynamasının təsviri...Bu, filmin öz tamaşaçısına çatdırmaq istədiyi ismarıcdır.

Amma düşünürəm ki, ismarıc filmin sujeti ilə də əlaqəli olmalıdır. Məhz, bu səbəbdən "Oskar"a layiq görülmüş bir çox filmlərin sonluğunda lap əvvəldə qaçırdığımız bağlılığı tutmaq üçün təkrar baxırıq, baxdıqca da qarşımızda yeni mənzərələr açılır. Bunun üçün də filmdə işarələr sezilir. Bu işarələr "Çölçü" əsərində təsvir olunur və tamamlanır, filmdə isə əsla...
Ssenari və filmdə cavan Çölçü onun həyatına daxil olmağa cəhd edən qadını qovur. Qadın baş götürüb nabələd istiqamətə yollanarkən qarşısına fısqıran ilan çıxır. Cavan Çölçü vaxtında yetişir:

- Burda gəzmirlər! Bura ilan mələşəndi!

Əsərin sonunda isə artıq 10 yaşı olmuş oğlunun hələ də bic doğulması tərəddüdü ilə yaşayan Cavan Çölçü onu məhs həmin "İlan mələşən"ə, ölümə göndərir.

Bu tamamlayıcı ştrix olmadan birinci səhnə sadəcə Cavan Çölçü ilə qızın bir araya gətirilməsi üçün quraşdırılmış qəhrəmanlıq səhnəsidir.... Digər məqam - ssenarinin və filmin əvvəlində...

Ağ dəvə təzəcə doğduğu köşəyi yaxın buraxmır. Cavan Çölçünün atası olan Ulu Çölçü Ağ Dəvənin qarşısında sallağı oturur... əlini cibinə salır. Cibindən çıxardığı yaşıl rəngli əski parçasını asta-asta yerə qoyan Ulu Çölçü onun hər ucunu bir səmtə açır, (parçanın içərisində bir tikə çörək və bir topa duz görünür) qocanın əli bir çimdik duz götürüb çəkilir.
- Ay heyvan, and!.. Ağ Dəvə, and içirəm!.. Bax bu duz, bu da çörək, bu duz-çörəyə and içirəm!.. o köşək sənin balandı!..

Ulu Çölçü duzu çörəyin üstünə səpir... onu üç dəfə öpüb gözlərinin üstə qoyur, dua edirmiş kimi nəsə mızıldayır və duz-çörəyi ağzına salıb çeynəyir. Ağ Dəvə yırğalanır... aramla qalxır, tükürpədici bir səslə nərildəyir və köşəyə tərəf yorğalayır.
Bu isə "Çölçü" əsərinin sonluğu:

Ay işığında açıq-aydın görünən ANADƏVƏ PİRİ... dairəvi hasarının daşları yer-yerdən uçub-tökülüb, hasarın içərisindəki qol-budaqlı ağaç quruyub, ağacın altında qaralan hücrənin damı yatıb, Pirin ortasında ağ daşdan yonulmuş Anadəvənin iri bütü ağarır.

Pirin dəmir alaqapısı cırıltı ilə açılır... Çölçü Arvadı və Balaca Çölçü asta-asta içəri girirlər. Çölçü Arvadının əlində iri boxça var. Alaqapının ağzında dayanıb Anadəvəyə baxırlar.

Çölçü Arvadı gəlib Anadəvənin qarşısında diz çökür... Balaca Çölçü çəkinə-çəkinə yaxınlaşıb, onun yanında dayanır.

Çölçü Arvadı boxçasından nəsə çıxardır... onu aramla yerə qoyur.

Yerdəki yaşıl rəngli əskiyə uzanan qadın əli... onun hər ucunu bir səmtə açır, əskinin içində bir tikə çörək və duz var.

Çölçünün Arvadı duzu çörəyin üstünə səpir... dua edirmiş kimi nəsə mızıldanır.
Anadəvə!.. And içirəm!.. Bax, bu duz, bu da çörək... Bu duz çörəyə and içirəm, bu uşaq Çölçünün balasıdı!..

Çölçünün Arvadı hönkürür... duz-çörəyi öpüb, yaş süzülən gözlərinin üstə qoyur...

Bakıda istifadəyə verilən xeyli sayda müasir kinoteatrlardakı seanslar çox nadir halda tamaşaçı qıtlığı ilə üzləşir. Bu da onu sübut edir ki, kino həvəskarları indi daha çoxdur. Onda sual doğur - nəyə görə milli kino nümunələri bir il ərzində bir dəfə də olsun anşlaq toplaya bilmir? Yenə də məsuliyyət ssenari yazandan çox onu film şəklində reallaşdıran personalın üzərinə düşür. Kinonu geniş kütlə üçün daha başadüşülən, daha cəlbedici etmək lazımdır, cənablar. Yoxsa yenə bir qrup arif adam "Art house" formatında çəkilmiş filmi şəstlə alqışladığı halda "meystrim" türk kino sənayesinin, belə, şedevr sayılmayacağı "Evim sənsin"ə məhkum ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti