...

Xarabat gözəli MƏHSƏTİ....

Mədəniyyət Materials 3 Dekabr 2013 16:46 (UTC +04:00)

Xəzangül Hüseynova - Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Yazarlar Birliyinin üzvü

Aşura günü idi. Kərbəla şəhidlərinin yad edilməsi günü. Mən özümü bu günlə kökləyib, İmam Hüseyn (ə) başda olmaqla imamların faciəsini düşünür və belə qənaətə gəlirdim ki, min illər boyu davam edən məhərrəmlik təziyəsi Göydən gələn hökmdür ki, bunu hər il bütün dünya müsəlmanları qeyd edir. Bu mərasim insan yaddaşının elə bir hissəsinə həkk olunmuşdur ki, yaddaş onu qoruyub saxlayır, silinməyə imkan vermir.

Deməli, bu Haqqdan gələn bir həqiqətdir. Bu düşüncələr arasında çabalayarkən, heç bilmirəm nəyə görə Məhsəti Gəncəvinin gözəl xəyalı fikirlərin arasından mənə görünərək "bəs mən?"- sualı ilə məni özümdən, sözümdən, dözümdən kənara apardı. "Bir az da mənlə danış, mənim ömür yolumla, mənim ömür yolumla maraqlan",-deyirdi. İstər-istəməz onun xəyali ruhu ilə dərdləşməyə, onun həyatının dərinliyinə varmağa başladım. Ta uşaqlıqdan indiyə qədər onun haqqında bildiklərim beynimdə cəmləşməyə başladı.

Onun adı məndə elə isti, elə kövrək duyğular oyadır ki... Niyə? Bu sualın arxasında nida işarəsi durur. Düşünürəm, əgər Məhsəti haqqında heç bir yazılı mənbə olmasaydı belə, yenə də yaddaş adlı bir tarixi obyektin şifahi məlumatı ilə yaddaşdan-yaddaşa, ağızdan-ağıza əbədi olaraq dünya yaşadıqca, insanlar olduqca onun adı da, poeziyası da yaşayacaqdı. Çünki o, həqiqət adlı gerçəkliyin inikası idi.

Borçalıının balaca bir kəndində (Qırıxlı kəndi) yaşayan bizim ailədə qardaşıma Nizami, bacıma isə Məhsəti adını vermişdilər. Ailəmiz kimi, biz uşaqlar da bilirdik ki, bunların hər ikisi Gəncəli olan böyük şairlərdir. Elə o vaxtdan məndə bu iki dahiyə qarşı məhəbbət hissi boy atmışdı. Mən əlifbanı bilməyəndən, onların yaradıcılığı ilə tanış olmadan özümün də başa düşmədiyim təmiz, ülvi duyğularla balaca ürəyimdə onları böyük sevgi ilə sevirdim. Bu sevgi getdikcə ümmana çevrilir, get-gedə bütün varlığımı silkələləyirdi. İndi düşündükcə o uşaqlıq sevgisi məni heyrətləndirir. Bu hansı duyğu, hansı möcüzə, hansı sirr idi onların yaradıcılığı ilə tanış olmadan, hətta şəklini belə görmədən uşaq dünyamda bu məhəbbət hardandı? Mən xəyalımda onlara xüsusi, mənə sevimli olan formalara salıb onlarla danışırdım. Xüsusilə gözəllər gözəlitək xəyalımda canlandırır və bu gözəlliyin qarşısında donub qalırdım. Deməli, Haqq şairi idi Məhsəti və Nizami. Mən şairləri iki zümrəyə bölürəm. Haqq şairi və düşüncə şairi. Hər ikisi də insanı heyrətləndirə bilir öz şerlərilə. Amma düşüncə şairlərinin misraları nə qədər poetik yüklü olsalar da insanı heyrətləndirər, lakin silkələyə bilməz. Haqq şairi isə həm heyrətləndirir, həm də bütün duyğuları ilə birlikdə insanın təfəkkürünün alt qatlarına enib orda mənəvi zəlzələyə çevrilib insanda yeni, bütöv bir xarakter yaradır. Həm də bu şerlər insanla dərdləşə bilir, shöhbətləşir, sən onun səmimiliyinə, gerçəkliyinə, həqiqətinə inanırsan və bilirsən ki, burda heç bir qondarma, quramaçılıq görmürsən. İndi dərk edərək anlayıram ki, Məhsəti Haqq şairi olduğu üçün uşaqlıqdan o adın istisi məndə ona qarşı böyük məhəbbət yarada bilmişdir. Sonralar yaşa dolduqca, Məhsəti rübailəri ilə tanış olduqca yenidən tamam başqa, aysberqin görünməyən tərəfi kimi onun gizli rəmzli misralarına heyran olurdum. Məhsətini kəşf etmək istədikcə kəşf etdim, fikrini yaxına qoymayaraq möcüzəli ahənrüba kimi onun sferasından çıxmağa icazə vermir və "sən hələ məni kəşf etməmisən" sözləri insanın beynində ildırım kimi çaxırdı. Bu qüvvət, bu cazibə ölmüş insanın ölü qüvvəsi yox, sanki diriliyin, canlılığın inikası idi. Elə bil xəyal dünyasında insanla qənşər-qənşərə durub, onun ömür tarixinin necə də mistikcəsinə həqiqətə şər donunu geyindirdiklərinə etiraz edirdi. Qəlbimdə oyanan suallara sualla cavab verirdi o gözəl. O, məni rahat qoymurdu "məni öyrənin, məni özüm kimi təqdiq edin",- deyə düşüncələrimin əllərindən yapışaraq daha dərinlərə, tarixi məxəzlərə, o dövrün ədəbi mühitini daha dərindən öyrənməyi xahiş edirdi.

Məhsətiyəm oldum gözəllərə tağ,

Hüsnümü vəsf edir Xorasan, İraq.

Gəncə xətibinin oğlu qıyma ki,

Yandırsın könlümü beləcə fəraq.

Məhsətinin guya sabit sevgisi olmayıb, hər gördüyünə rübailər həsr edib. Əgər belə olsaydı bu rübaini necə yaza bilərdi? Hamı onun hüsnünün gözəlliyini vəsf edərkən, o yalnız Xətiboğluna olan böyük məhəbbətilə yaşayırdı.

Könülsüz Xarabat içrə sən gəlmə,

Dərvişlik rəmzini bilməsən gəlmə.

Başından keçənin yoludur bu yol,

Bu yolda can qurban verməsən, gəlmə.

rübaisi mənim xəyalımə Xərabat məhəlləsinə apardı. Guya meyxana, şərab içilən yer kimi təsvir olunan o yeri daha yüksək ideyaya xidmət olunan, bu ideya uğrunda mübarizə aparan Məhsəti fədailərinin fədəkarlıqlarının sübutu olan tarixi yer kimi qəbul etməliyik. Sirr - Xərabat adlanan yerin məqsəd və məramındadır. Mənbələrdən aşkar olunur ki, Məhsəti sufi cəmiyyətinin üzvü, hətta bu cəmiyyətin aparıcı rəhbərlərindən biri olub.Tanınmış, çox savadlı ilahiyyatçı atası olan Məhsəti şərab içərdimi? Həm də "Quran"-ı mükəmməl bilən bir insan....

Hər iki dünyanın kərəmi sənsən,

Qocaya, cavana kömək edənsən.

Sənin rəhmətinə əminik, Allah!

Könlümüz şad olur sənin feyzindən.

deyən bir insan Allahın qadağasından kənara çıxardımı? Hələ 10 yaşında ikən 24 muğamı mükəmməl bilib, gözəl səslə oxuyan, rəqs etməyi, cəngi, ud çalmağı, şahmatçı, bəstəkar Məhsəti. Bütün bunlarla bərabər öz fərqli fikirlərini poetik dünyasına məharətlə çulğaşdıran Məhsəti. Bütün bu sənətləri öz qızına öyrətməyi o zamanın məşhur ustadlarından xahiş edən ilahiyyatçı atanın məqsədi nə idi görəsən? Bütün bunlar onun nəyinə lazım idi? Bax elə bütün sirrin mahiyyətini burdan araşdırmaq lazımdır. Deməli Məhsətinin atası da sufi idi. O, Məhsətini bu cəmiyyətin yaşaması, fəaliyyət göstərməsi üçün hazırlayırdı. İlahi gözəlliyi ilə insanları heyrətdə qoyan Məhsəti necə şərab içib, eyş-işrətlə məşğul olardı? Xarabat eyş- işrət yeri idisə ,niyə Məhsəti o dövrün şöhrət tapmış şair qadınları Raziyə Gəncəli, Doktore Salar, Doktore Gavə, Doktore Səti, baldızı Doktore Xətib ilə bir yerdə sufi cəmiyyətinin üzvlərinə təlim keçməklə məşğul olurdular? Nəhayət, dərinlərə getdikcə aydın olur ki, o dövrdə ruhanilərin hücumuna məruz qalan, onları İslam dininin çərçivəsindən kənara çıxmaqda təqsirləndirilən sufi cəmiyyətinin qorunub saxlanması, sufii deyalarının gizli şəraitə keçməsi yeri idi Xərabat. Xərabat elə bir tarixi missiyanı yerinə yetirirdi ki, bunun üçün Məhsəti fədailəri heç bir çətinliklərdən qorxmayaraq, hətta özlərini meybaz, şərab içən göstərməklə, sufizmi bir növ gözdən, nəzərdən yayındıraraq gizli şəraitdə bu cəmiyyətin ideyalarını təbliğ edirdilər. Şərab içilən yer yasaqlı olduğu üçün gizlində fəailiyyət göstərmək daha asan idi.

Sufilər Mütləq Həqiqət, Kamil eşq, Kamil ustad, Kamil müəllim olmaq üçün, ən əvvəl maddi enerjidən, maddiyatdan irəli gələn çirkablardan təmizlənməklə, ALLah eşqinə nail olmaq, onun təmasını duymaq, Onunla qovuşmaq, hətta onda ərimək. Sufilər hər bir insanda ilahi şüurun olmasını təsdiq edir. İlahi şüurun insanda təcəssüm etməsi üçün insan mütləq təmizlənmə prosesindən keçməlidir. Elə bil toz basmış güzgünü xatırladır insan. Tozlu güzgü gerçəkliyi olduğu kimi əks etdirə bilmədiyi kimi, insan da təmizlənmədən ilahi şüura malik ola bilməz. Okeanın bir damcı suyu, okeanla eyni keyfiyyətə malikdir. İlahinin yaratdığı insanda da ilahi şüur mövcuddur. Məhz təmizlənmədən sonra, insanda transendental şüur, yəni ilahi şüurun oyanması baş verir. Bu təmizlənmə Xarabatda rəqs etmək (Səma rəqsi), oxumaqla, Cəngi çalmaqla, şahmat oynamaqla, şer deməklə və nəhayət "mey" içməklə baş verir. Mey içmək, şərab deyil nə isə xüsusi bir tərzdə hazırlanmış, tərkibində heç bir spirti olmayan içkidir. Məhz sufilər rəmzi olaraq o içkini şərab adlandırırdılar. Bu rəmzi şərab sufi üzvlərinin Xarabatını yasaqlı etmişdir. Rəqs etməklə, şer deməklə və.s Allah eşqiylə düşünən, Ona can atan, Onunla təmasda olmaqla xüsusi hala-"ekstaz" halına gəlib o an insan özünü Allaha daha yaxın hiss edərək, xoşbəxt dəqiqələr yaşayır. Sufilər nə edirdilərsə Allah eşqi ilə, Allaha daha yaxın olmaq arzusuyla , öz "mən"-ini dərk etmək duyğusu ilə hərəkət edirdilər. Allaha qovuşmaq, Onda ərimək və bu yolda yol göstərən müəllim-Mütləq Müqəddəs və kamil eşqdir. Ustada eşqdir, dərsliklərə eşqdir, kamil insanın özünə olan eşqdir. Sufi cəmiyyətinin bir qolu olan "əxilər" cəmiyyətinə rəhbərlik edən böyük Nizaminin Mütləq eşq haqqında bu misraları dediklərimizə sübutdur.

" Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?"

Bu Allah eşqi bütün istəklərin, bütün eşqlərin məcmusu, bütövüdür. Bu bütövlükdü dünyanı, kainatı, bütün qalaktikaları nizamda saxlayan, onlara stimul verən.

Məhsəti bu ideyalar uğrunda mübarizə aparanların öncülü kimi, Şərqdə, Qərbdə, bütün ölkələrin ziyalıları arasında böyük şöhrət qazanmışdı. Onun səsini dinləmək, rübailərini, qəzəllərini, rəqs etməyini, çalmağını və s. bütün qeyri-adi keyfiyyətləri ilə tanış olmaq üçün Xarabata axışırdılar. Elə burdaca sual verilə bilər-məgər bu ehtişamlı axının sahibləri Xarabata şərab içməyəmi gəlirdilər? Məhsətinin bu yüksək məqamı Gəncə şahını da maraqlandırırdı. Onun şerlərinə qiymətli hədiyyələr ənam edirdi.

Məhsəti mükəmməllik etalonu kimi, Allahın əta etdiyi gözəlliyinə, ecazkar hüsnünə, daxili zənginliklə, xarici gözəlliyin vəhdətindən yaranan bu ilahi qüdrətin varlığına baş əyirsən. Onun ilahi şüura malik olan bir övliya olmağına şübhə etmirsən. İlahi şüura malik olanlardan biri kimi Məhsəti özünün fəlsəfi düşüncələrinin inikası olan poeziyası ilə zamanından əbədiyyətə çıxış edə bilmişdir. Ona görədə nə qədər dünya var, Məhsəti canlıların biri kimi, diri kimi bütün zamanların sakini olacaqdır. Gözəlliyi, adı, sanı, poetik dünyası ilə insanlara Allah eşqinin qüdrətindən, qüvvətindən danışacaqdır. O, hər yaşında öz möhtəşəm təravətli gözəlliyi ilə insanları heyrətdə qoyurdu.

Məhsəti uzun ömür yaşamışdı. Böyük Nizamidən xeyli qabaq dünyaya gəlmiş, Nizaminin ölümündən xeyli sonra dünyasını dəyişmişdi. Çox təəssüf ki onun olum və ölüm tarixinin düzgünlüyü sual altındadır. İndi Məhsəti yaradıcılığının 900-illik yubileyi dünya üzrə qeyd olunur. Ürək ağrısı ilə düşünürəm ki, bu möcüzəli və qeyri-adiliyi ilə dünya şöhrəti qazanmış Məhsətinin məzarının yeri niyə bilinmir? Necə olub ki, onu sevənlərin yaddaşında qalmayıb onun qəbir yeri. "Məhsəti və Əmir Əhməd" dastanında və tanınmış yazıçı Rəfael Hüseynovun böyük məhəbbətlə, istəklə yazmış olduğu "Məhsəti necə varsa" kitabında Məhsətinin böyük Nizaminin məzarı yanında basdırıldığı qeyd olunur. 1923-cü ildə Nizami məqbərəsinin yanında qazıntı işləri aparılan zaman bir qadın qəbri aşkar edilmişdi. Həmin qəbrin Məhsətiyə aid olduğunu qeyd edən R. Hüseynov kitabında belə bir fikir irəli sürmüşdü- "Həqiqət budur ki, Məhsətinin məzarı Nizami məqbərəsi ilə yanaşı olub və bizi indi düşündürən budur. Elə o yerlərdə Məhsətiyə bir məqbərə ucaltmaq şairəmizin xatirəsi önündə mənəvi borcumuzdur". Nə gözəl arzu, nə gözəl istək..

Bu arzunuz, bu istəyiniz çin olsun, hörmətli Rəfael müəllim. Dediyiniz kimi, o dövrdə gerçəkdən görüşüb, şerləşən iki dahi məqbərələri ilə yenidən üz-üzə durar...

Görəsən Məhsəti məqbərəsini ucaltmaq missiyası hansı xoşbəxt insanın qismətinə düşəcək. İndidən ona həsəd aparıram. Gözlərim qarşısına Nizami məqbərəsi ilə qoşalaşan Məhsəti məqbərəsinin xəyalı gəldi. Bu möhtəşəm qoşa məqbərələrin şahanə duruşu günü-gündən gözəlləşən ulu Gəncənin dörd min illik tarixinə boylanaraq, özlərinin min illik yaddaşları ilə, indiki Gəncənin müasir inkişafı ilə çuğlaşan iki böyük dahi şairimizin , iki Gəncəvinin Gəncə əzəmətinin sübuta ehtiyacı olmayan sübutudur.

Niyə yoxdu Məhsətinin qəbri niyə?

Yenə silkələyir fikirlər məni,

Gah dağa çıxıram, gah da ki, düzə.

Gecənin təlaşından,

Gecənin göz yaşından qorxaraq,

Sığınıram gündüzə.

Amma yenə,

Dönə-dönə

Düşüncələr çarmıxından asılıram

Cavabı bilinməyən sual adlı yas oluram.

Heç bilmirəm hansı kəs oluram?

Keçmişini varaqlayan,

Gəncənin Məhsətisini soraqlayan səs oluram.

Allah, Allah bu adın istisindən məst oluram.

Gəncənin min illik yaddaşı kimi,

Qaval daşı kimi,

Yurd daşı kimi,

Dərdlərimin dərd daşı kimi,

Məni anlayacaq sirdaşım kimi

Dərdləşərdim.

Dərinliyə varardım

Nələr, nələr sorardım.

Yaşadığı vaxtından,

Şair olmaq baxtından,

İlham adlı mələyindən,

İnsanların kələyindən,

Zamanının gileyindən,

Danışardıq.

Danışdıqca dağ aşardıq.

Bu dağ dərdi dağlayardım.

Oxşar olan taleləri,

Qucaqlayıb ağlayardım.

Ağlayardım.

Amma neynim

Bu arzumun çin olması mümkün deyil

Heç bilmirəm,

İntizarla öc olmuşdu səbrim niyə?.

Niyə yoxdu Məhsətimim qəbri niyə?

Bəlkə elə,

Adı, sanı gözəlliyi gözə gəldi?

Onun qəbri sirr olaraq gizlədildi.

Heç olnasa qəbri ilə dərdləşərdim.

Hərdən elə dərviş kimi

Mən salıram,

Çölə, düzə güzarımı.

Axtarıram Məhsətinin məzarını.

Gah yellərdən soruşuram,

Gah yollardan soruşuram.

Çiçəkdən, otdan,

Göydə buluddan.

Gəncənin hər döngəsindən,

Sirrlə dolu ün səsindən.

Soruşuram soraq yoxdur.

Bir sehirli çıraq yoxdur.

Qulaq asdım Yer səsinə, Göy səsinə.

Qaçdım Comərd Qəssab türbəsinə.

Bəlkə ondan cavab aldım,

Mən cavab yox sual aldım.

Hey dolaşdım addım-addım,

Şeyx düzünü.

Küləklər apardı

Hardasan, ay Məhsəti- sözümü.

Sözümlə birgə,

Çırpıldım o yana, bu yana

Bəlkə o gözəlin ruhu oyana.

Məzarını nişan verə.

Mən arzumdan çiçək dərəm.

Birdən- birə

Bir səs məni harayladı,

Şeyx Nizami türbəsindən.

Mən diksindim çağıranın ün səsindən.

Qaçdım ora, uçdum ora

Türbə önü diz çökdüm,

Hər tərəfə göz çəkdim.

Heç bilmirəm niyə axı?

Qeyri-adi duyğularım məni sıxdı.

Göz yaşlarım axdı-axdı çaya döndü,

Mən haraya haya döndüm.

Elə bil ki, onun ruhu,

Birləşmişdi Şeyx Nizami ruhu ilə

Yazarların şahı ilə.

Xəyalımda burda yeni bir məqbərə ucaldı

Duyğularım aşdı, daşdı

Şeyx Nizami türbəsilə Məhsətinin məqbərəsi qoşalaşdı.

Xəyalımın bu arzusu çin olsun..

Ey Allahım! Gün olsinki, o gün olsun.

Amin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti