Azərbaycan, Bakı, 6 dekabr /Trend/
Dekabrın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Avropanın ən böyük liman şəhərlərindən biri olan Hamburqda "Azərbaycan gecəsi" keçirilib. Bu, Heydər Əliyev Fondunun 2013-cü il ərzində Almaniyada keçirdiyi silsilə tədbirlərin sonuncusu idi.
Trend Fondun rəsmi saytına istinadən məlumat verir ki, tarixi "Börsensaal" zalında keçirilən "Azərbaycan gecəsi"ndə iki sərgi ilə yanaşı, virtouz caz ifaçısı İsfar Sarabskinin konserti də olub.
"Almanlar Azərbaycanda" sərgisində nümayiş olunan fotoşəkillər Azərbaycanın indiki Göygöl rayonunda, Yelenendorf (Göygöl), Annenfeld (Şəmkir), Georqsfeld (Çinarlı) və Qrunfeld (Vurğun) yaşayış məntəqələrində məskunlaşmış və əsasən şərabçılıqla məşğul olan almanların həyatını, məişətini və əməyini əks etdirir. Digər sərgidə isə Almaniyada heç vaxt olmayan gənc azərbaycanlı rəssamların yaradıcı təxəyyüllə Almaniya haqqında çəkdikləri rəsmlər nümayiş olunub.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iki ölkə arasında münasibətlərin dinamik inkişafından danışıb. O, neft və qaz ehtiyatları ilə bol olan Azərbaycanın mədəni və musiqi ənənələri ilə də zəngin olduğunu, müsəlman Şərqində ilk operanın, ilk baletin Azərbaycanda yaradıldığını söyləyib. Muğam, caz və pop musiqisinin Azərbaycanda çox populyar olduğunu və muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın mədəniyyət beşiyi sayılan Qarabağın Ermənistan tərəfindən işğal edildiyini və burada ümumbəşəri əhəmiyyət kəsb edən yüzlərlə mədəniyyət abidəsinin erməni silahlı qüvvələri tərəfindən dağıdıldığını diqqətə çatdırıb.
Gecənin təşkilində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir Fondun çoxsaylı sosial-mədəni layihələr həyata keçirməsi ilə yanaşı, Azərbaycan-Almaniya mədəni əlaqələrinin genişlənməsinə də böyük töhfə verdiyini qeyd edib.
Tədbirin aparıcısı, Almaniyanın tanınmış telejurnalisti Co Fexner konsert proqramından əvvəl Azərbaycan barədə məlumat verərək 1918-ci ildə Şərqdə ilk parlament respublikasının məhz Azərbaycanda yaradıldığını, Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda qadınların ilk dəfə səsvermə hüququ əldə etdiyini deyib. Heydər Əliyev Fondunun digər ölkələrdə həyata keçirdiyi layihələrdən danışan C.Fexner Fondun Strasburq və Parisdə tarixi kilsələrin, Roma katakombalarının, o cümlədən İkinci Dünya müharibəsi illərində dağıdılan Berlin qəsrinin bərpasında iştirak etdiyini bildirib.
Aparıcı qonaqları Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban Əliyevanın Azərbaycanla digər ölkələrin mədəni əlaqələrinin inkişafı sahəsində, həmçinin Azərbaycanın zəngin və qədim mədəniyyətinin dünyada tanıdılması yolunda yorulmaz fəaliyyəti haqqında məlumatlandırıb.
Tədbir İ.Sarabskinin caz ansamblının konserti ilə davam edib.
Konsertdən sonra qonaqlara Azərbaycanın milli mətbəxindən təamlar, Heydər Əliyev Fondunun Azərbaycan tarixi, mədəniyyəti, incəsənətinə dair müxtəlif nəşrləri, Azərbaycan muğamı, cazı, klassik və estrada musiqisinə dair disklər təqdim edilib, həmçinin 5 dildə çap olunmuş "Azərbaycan caz antologiyası" nəşrinin təqdimatı olub.
Bununla da bu il Almaniyada Heydər Əliyev Fondu tərəfindən nəzərdə tutulmuş tədbirlər sona çatıb.