Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İzzət/
Bakı Biznes Mərkəzində "Mədəniyyətlərarası dialoq üçün Bakı prosesi"nin 5 illik (2008-2013) yubileyi keçirilib.
Trend xəbər verir ki, tədbir fransız rejissor Kristof Qozenin mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş "Çoxmədəniyyətli musiqi mübadiləsi" filminin nümayişi ilə başlayıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Bakı prosesi"nin əhəmiyyətindən danışıb.
Daha sonra Böyük Britaniyanın Koventri Universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçirilmiş 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı və 3-cü Dünya Forumunun prioritetlərini təqdim edib.
M.Hardi qeyd edib ki, bu proseslər dünyanın diqqətini Azərbaycana
cəlb edib. Burada əsas məsələlərdən biri də prosesə gənclərin və özəl sektorun cəlb olunmasıdır.
O bildirib ki, dünyanın 30-dan çox ölkəsinin nümyəndələri arasında keçirdikləri sorğularda hər kəs "Bakı prosesi" və Azərbaycan haqqında mübət fikirlər söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov belə təqdimatların bütün dünyada həyata keçirilməsini təklif edib. Onun
fikrincə, bu prosesə gənclərin cəlb olunması xüsusi əhəmiyyət
daşıyır.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov isə bu forumu
mədəniyyətlərarası dialoqun yaradılması istiqamətində böyük hadisə
adlandırıb. Onun fikrincə, mədəniyyətlər dünyada nə qədər müxtəlif
olsa da, onlar arasında mütləq əlaqə yaradılmalıdır. Çünki digər
mədəniyyətləri qavramaq və qəbul etmək çox mühümdür.
Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilib, konfransda Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin əsası qoyulub və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilib.
"Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransı çərçivəsində Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlər arasında "Mədəniyyətlərarası dialoq" mövzusunda iclas təşkil edilib. İclasda "Bakı Prosesi-Sivilizasiyalar arasında dialoqa yeni çağırış" kommunikesi qəbul edilib.
Bu proses çərçivəsində 2011-ci ildə 1-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə isə 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və dünya mədəniyyət və turizm nazirlərinin ilk birgə Konfransı keçirilib. 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun isə 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Sərəncamı ilə Forum hər iki ildə bir dəfə Bakıda keçirilir. Mədəniyyət və Turizm Nazirliyi bu tədbirin əlaqələndirici qurumu təyin edilib.