...

"East Wing" Biennalesi çərçivəsində Azərbaycan rəssamının yeni əsəri nümayiş olunacaq

Mədəniyyət Materials 23 Yanvar 2014 17:13 (UTC +04:00)
Yanvarın 25-dən 2015-ci il iyulun 13-dək Londonun Kurto İncəsənət İnstitutunda “East Wing” Biennalesi çərçivəsində Azərbaycan rəssamı Rəşad Ələkbərovun yeni yaradılmış əsəri nümayiş olunacaq.
"East Wing" Biennalesi çərçivəsində Azərbaycan rəssamının yeni əsəri nümayiş olunacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 25-dən 2015-ci il iyulun 13-dək Londonun Kurto İncəsənət İnstitutunda "East Wing" Biennalesi çərçivəsində Azərbaycan rəssamı Rəşad Ələkbərovun yeni yaradılmış əsəri nümayiş olunacaq.

"Seyrçilik" ("Spectatorship") adlı tədbirdə tamaşaçı və məkan əlaqələrinin ibtidai, ənənəvi və müasir konsepsiyalarına meydan oxunacaq. "East Wing" Biennale silsiləsinin 11-ci konsepsiya əsaslı instalyasiyalar sərgisi gənc kuratorlara müasir incəsənəti təmsil edən rəssamlarla yeni əməkdaşlığın yaradılması imkanı verir. İnteraktiv, yəni iştirakçılıq əsaslı incəsənətin nümayəndələri olan rəssamlar tamaşaçılarla birlikdə müəyyən rol oynayacaq: rəssamların bəziləri öncədən müəyyənləşdirilmiş və ifa etdikləri rolların öhdəsindən məharətlə gəlməsi məqsədilə tamaşaçıları yaradılan əsərlərlə ünsiyyət qurmağa və bununla da bu ünsiyyətə qarşı maraq oyandırmağa dəvət edəcək, digərləri isə əsərlərlə bağlı suallar verəcək və irəli sürülən tələbləri səsləndirəcək.

Yaradılan instalyasiyalarla bağlı dörd əsas məlumat əldə etmə üsulu mövcuddur. Onlar barədə açıq şəkildə söhbət açılır və onlar bir-biri ilə qarşılıqlı əlaqədə olur: əsərlərin vizual qavranması müxtəlif rollarla ifadə olunur və bu üsul, xüsusilə, Emili Pyu, Bricet Rayli və Sebastian Braykoviçin əsərləri üçün səciyyəvidir. Bu rəssamların hamısı əsərlərində mövcud olan məlumatı tamaşaçının nəzərinə çatdırmaq məqsədilə vizual müdaxilələrin üsulu olan optik dərketmədən bəhrələnir. Jüli Meretunun rəsmlərində gizlənən məlumat qatlarını, işləmə üslublarını və dərin mənanı aşkar etmək üçün tamaşaçı əsərin nümayiş olunduğu yerdən geri çəkilib aralı dayanmalıdır.

Keti Patersonun işlərinə nəzər yetirdikdə baxış məkanının gözdən düşməsi, cismani şüur və digər duyğular kimi dərketmə üsullarının zəruriliyi ortaya çıxır. Müəllifin əsərləri səslərin zəruriliyinin hisslər vasitəsilə düzgün qavranılmasını tələb edir. Ju Yinşinin işlərində isə boyadan gözəçarpan dərəcədə istifadə edilməsi tamaşaçının rəsmə toxunmasını və duyduğu hisslərə əsasən rəsmi qavramasını labüd edir.

Tədbirin təşkil olunduğu institutun məkan və mədəniyyət konteksti tamaşaçının oynadığı rola güclü təsir edir. Tina Qonsalveşin əsərlərinin yaratdığı qavrama məkanı hesabına tədbirə təşrif buyuran qonaqların şüurunda əmələ gələn obrazlar onları daima sərgi məkanına qaytaracaq. Nümayiş olunan işlər tamaşaçı ilə seyr etdiyi mənzərə arasında münaqişəni şərtləndirərək, tamaşaçının daxilində münaqişə yaradacaq. Beləliklə, mənlik bu işlərlə tamaşaçıların qovuşmasının sirli məqamlarını müəyyənləşdirir. Buraya Kordeliya Donohyu və Lyu Bolinin ərsəyə gətirdikləri evokativ (yaddaşda xatirələri canlandıran) fotoşəkilləri aid etmək olar. Feliks Qonsales-Torresin təsviri janrda yaratdığı "Adsız" (Ross) əsəri də şəxsi və ictimai mənliklərin əlaqələrini və bir-birilə qovuşmasını şərtləndirir.

Məkanın, hərəkətin və qavramanın mahiranə idarə olunması sayəsində Kurto İnstitutunun sadə və tutqun mühiti bir anlığa müasir incəsənətin nümayiş olunduğu beynəlxalq səhnəyə çevrilir. Həmçinin bu məkan iştirak əsaslı seyrçilik və şüurlu ünsiyyət hesabına dünyada incəsənətlə qovuşma yeri kimi məşhurlaşıb.

Tədbirdə Azərbaycan müasir incəsənətini innovativ instalyasiyaları yaradan, qeyri-ənənəvi əsərləri ərsəyə gətirən rəssam Rəşad Ələkbərov təmsil edəcək. Rəşad Ələkbərovun yaratdığı işlər namüvafiq əşyalardan ibarətdir və yaddaşda tanış səhnələri və ya şablonları canlandıraraq tamaşaçıların əsərlə bağlı fikirlərini sınaqdan keçirir.

Rəşad Ələkbərov Azərbaycan incəsənətini 2007-ci və 2013-cü illərdə Venesiya Biennalesində təmsil edib.

Rəşadın ən son yaratdığı əsər metal ünsürlərdən ibarət olan və düzgün baxış bucağından baxılmadığı halda xaos və qarmaqarışıqlıq təəssüratını yaradan irimiqyaslı instalyasiyadır. Əsəri yalnız bir bucaq altında düzgün qavramaq olar və bu bucaq altında "Bu xaos deyil" ("It is not a chaos") ifadəsi oxunur. Müəllif nəzərimizə çatdırmaq istəyir ki, digər insanın nöqteyi-nəzərindən bəzi əşyalara nəzər yetirmədiyimiz halda onlar düzgün dərk edilmir.

Sərgidə müxtəlif ictimai proqramlar və açıq günlər təşkil olunacaq; sərgi 2014-cü ildə və 2015-ci ilin ilk yarısında açıq olacaq.

"ÜNSİYYƏT: Seyrçilik Strukturun Dəyişilməsi" məlumatlandırma və təhsil proqramını Cass Art dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti