...

"Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə elan edilib

Mədəniyyət Materials 13 Fevral 2014 21:27 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədi ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə elan edir.
"Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə elan edilib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədi ilə "Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi" mövzusunda müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə beş nominasiya üzrə keçirilir: "Ən yaxşı resenziya"; "Ən yaxşı nəzəri araşdırma"; "Ən yaxşı portret yazı"; "Ən yaxşı tənqidi məqalə"; "Ən yaxşı müsahibə".

Müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünasları və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri iştirak edə bilərlər.

Müəlliflər məqalələri fevralın 15-dən noyabrın 1-dək "Mədəniyyət" qəzetinin (Bakı şəhəri, Moskva prospekti, 1, Dövlət Film Fondu, V mərtəbə) və "525-ci qəzet"in (Bakı şəhəri, Ş.Mustafayev küçəsi, 27/121) redaksiyalarına təqdim etməli, yaxud e-mail ünvanlarına ([email protected], [email protected], [email protected]) göndərməlidirlər.

Hər iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Ən yaxşı beş məqalə seçilərək birinci, ikinci və üçüncü yer və iki həvəsləndirici mükafata layiq görüləcək. Birinci yer üçün 1000, ikinci yer üçün 800, üçüncü yer üçün 500, iki həvəsləndirici mükafat üçün isə hər birinə 300 manat pul və diplom nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər məqalənin A4 formatda çap olunmuş və ya elektron variantı ilə yanaşı, qısa tərcümeyi-halını, əlaqə telefon nömrəsini də təqdim etməlidirlər.

Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi 2014-cü ilin noyabr ayında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

Nəticələr məqalələrin təqdim olunduğu qəzetlərdə ("Mədəniyyət", "525-ci qəzet") və nazirliyin internet saytında (mct.gov.az) dərc olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti