...

Alimlər, medialar və sənət

Mədəniyyət Materials 27 Fevral 2014 19:26 (UTC +04:00)
Sadə insanlar deyəndə, adətən bir-birinə bənzəyən, kütlədən seçilməyənləri nəzərdə tuturuq. Ancaq gerçək budur ki, ayrı-seçkilik, düşmənçilik, qırğın və özgəlik məhz həmin bir-birindən seçilməyən insanların arasında daha qabarıqdır.
Alimlər, medialar və sənət

Dalğa Xatınoğlu

Sadə insanlar deyəndə, adətən bir-birinə bənzəyən, kütlədən seçilməyənləri nəzərdə tuturuq. Ancaq gerçək budur ki, ayrı-seçkilik, düşmənçilik, qırğın və özgəlik məhz həmin bir-birindən seçilməyən insanların arasında daha qabarıqdır.

Seçilmiş insanlar nə qədər bir-birindən fərqlənsələr, fərqli düşüncə, dünyagörüşünə malik olsalar da, ən azı bir-birinin dünyasını başa düşə bilirlər.

Əlbəttə ki, mən dünyanın ən ciddi işi hesab etdiyim incəsənətdən danışıram, incəsənət deyəndə isə klassik və ya postmodern olmasından asılı olmayaraq ciddi incəsənəti nəzərdə tuturam.

Klassik ədəbiyyat müasir sənətə təhlükədirmi?

Fikrimcə, geniş mənada qədim və çağdaş yazıçı və şairlərin əsərləri arasında böyük fərq yoxdur. Klassik şairlər (qədim yunan və Roma), neo-klassiklər (Şekspir, Füzuli, Mövlana kimi) və digər məktəblərin qabaqcıl nümayəndələrinin əsərləri yalnız yanaşma tərzi, üslub, janr və texniki baxımdan seçilir. Hətta ən qədim və çağdaş yazıçı və şairlərin əsərlərində mətnarası dialoqlar hələ də mövcuddur. Məsələn, T.S.Eliotun "Yararsız torpaq" ("Waste land") əsəri modern şeir nümunəsidir, ancaq klassik ədəbiyyat obrazları, elementləri ilə doludur. Yaxud Edqar Alan Ponun "Quzğun" əsərində hətta folklor ədəbiyyatına qayıdış və eyhamlar var. Həmçinin Oktavio Pazın "Daş Günəş" poeması ən uğurlu sürrealist əsərlərdəndir ki, klassik və folklor ədəbiyyat xəzinəsindən olduqca yararlanıb.

Postmodern ədəbiyyatda bu ilgi daha güclüdür.

Əlbəttə ki, çağdaş insanların dünyagörüşü, həyat tərzi, eləcə də ədəbi janrlar Sofokl, Vergili və Homerin zamanına görə tamamilə dəyişib, lakin bu dəyişiklik insanın instinktində və təbiətində duyulmayacaq dərəcədə azdır.

Çağdaş insanın sevgisi, yuxuları, qorxusu mahiyyətcə qədim insanlardan seçilmir. Klassik və postmodern əsərlər arasında ilginin davamının əsas səbəbi isə sənətin mahiyyətidir, yəni ilk şairlərdən indiyədək sənət janrların çeşidinə baxmayaraq, insanın instinkti və təbiəti ilə sıx əlaqədə olub. Məncə, Şekspirin əsərləri aktualdır. Çevrəmizdə Hamletlər, Şah Lirlər, Antoni və Kleopatralar, Otellolar, Romeo və Culyettalar, Maqbetlər və yaratdığı 1223 xarakterin hər birinə bənzər xeyli insan var. Eyni problemlər, eyni fenomenlər, eyni yanaşmalar və s.

Özgələrin ədəbi tənqidi

İncəsənət dünyasından kənar insanların sənətə münasibəti və müdaxiləsinin pis və yaxşı cəhədləri çoxdur, hətta sənət dünyasına töhfələri də az deyil. Məsələn, neo-klassiklər tamamilə Platonun "Simpozium" əsərinin təsiri altında olublar. Baxmayaraq ki, onun "Dövlət" ("Politeia") əsəri sənət dünyasına həddindən artıq alçaldıcı və qəddar yanaşıb.

Çox təəssüf ki, hazırkı sistemdə (mövcud dünya) ədəbiyyat olduqca həm təhrif olunub, həm də amansızcasına alətə çevrilib.

Məncə, Ziqmund Freydin ədəbiyyatla bağlı fikirlərinə baxmaq pis olmazdı. Nevrologiya sahəsində bu alimin sənət dünyasına verdiyi töhfələr az deyil, əslində, sənətçilər üçün böyük ideyalar yaradıb. XIX əsrin sonundan başlayaraq sənətçilərin diqqət mərkəzində olan "Bilik axını" texnikinin inkişafı (məsələn, Ceyms Coysun "Uliss" əsəri) və sürrealizm, dadaizm, imajizm (məsələn, Ezra Paundun əsərləri), ekspresionizm, impressionizm və ultraizm (məsələn, Borxesin əsərləri) məktəblərinin yaranmasında bu alimin fikirlərinin danılmaz payı var, lakin "böyük" həmişə "müsbət" anlamına gəlmir.

Freyd indiyədək çoxlu sənət əsərləri haqqında təhlil yazıb. Ən çox diqqət mərkəzində olanlar Sofoklun "Odipus", Şekspirin "Hamlet", "Maqbet" və "III Riçard", Dostoyevskinin "Karamazov qardaşları" və Vilhelm Yensenin "Qradiva" əsərləridir.

Fikrimcə, ümumiyyətlə, yanaşma tərzi səhvdir, yəni hansısa bir əsəri ruhi xəstəliyin təzahürü kimi görmək yanlışdır.

Nümunə kimi, onun Leonardo Da Vinçinin "St. Anne ilə bakirə və uşaq" rəsm əsəri haqqında yazdığı "Leonardonun uşaqlıq xatirəsi" məqaləsini göstərmək olar. Bu məqaləni nəşr edəndən sonra məlum oldu ki, məqalənin əsas məntiqi və istinadı səhv tərcümə olunmuş Nibio sözü əsasında qurulub, Freydin özü də buna təəssüfləndiyini bildirdi.

Yazıçının yaratdığı əsəri komplekslərin təzahürü kimi göstərmək psixologiya elmində düzgün, yaxud səhv ola bilər, ancaq fikrimcə, bunun qətiyyən incəsənətə dəxli yoxdur və əsərin dəyərinin göstəricisi deyil. Yəni əsərin qəhrəmanının anormal, psix olması əsərin gücünü göstərmir.

Eləcə də alman filosof Martin Haydeggerin Fridrix Hölderlinin və Rayner Rilkenin şeirlərinə yazdığı şərhlər. Bu yanaşma fəlsəfə dünyasında səhv, yaxud doğru ola bilər, ancaq qətiyyən bir əsərin dəyərini ölçmür.

Sənətçi həmişə müxtəlif alimlərin və filosofların nəzəriyyələrdən təsirlənib, bu həm təbii, həm də gərəklidir, lakin heç bir laboratoriyada gülün gözəllik sirrini araşdırmaq olmaz. Bu sahənin öz ölçüləri, elmi, biliyi var.

Biz boş-boş şüarlardan ibarət şeirlərin filosofları, sosioloqları və politoloqları həyəcana gətirdiyini çox görmüşük.

Media təhlükəsi

Alimlərin və filosofların hansısa nəzəriyyənin təzahürünü sənət vasitəsilə isbat etməyə çalışması, həmçinin media, şirkət və təşkilatların sənət əsərinə alverçi kimi baxması təbii hala çevrilib, ancaq bu vəziyyətin fəsadları və riskləri yüksəkdir:

1 - Yeni istedadlar özlərini təqdim və təsdiq etmək üçün populyar və dəbdə olan nəzəriyyələrin təzahürü ola biləcək əsərlər yaratmağa cəhd edəcəklər. Burada isə qətiyyən ciddi yaradıcılıqdan söhbət gedə bilməz.

2 - İkinci, yeni istedadlar media orqanlarında reytinq vasitəsilə özlərini təqdim etməyə çalışacaqlar. Burada istər-istəməz dərinlik və professionallıq avam insanların zövqünə qurban edilməlidir.

Fridrix Nitsşenin "Dəccal" kitabının proloqunu xatırlamaq pis olmaz: "Bu kitab yalnız bir neçə nəfər üçün yazılıb, bəlkə də hələ onların heç biri doğulmayıb. Çox güman ki, onlar mənim "Zərdüşt" kitabımı başa düşənlərdir. Özümü elə adamlara necə həsr edə bilərdim ki, onları bu gün dinləyənlər var? Birigün mənimdir. Bəzi adamların həyatı öləndən sonra başlayır".

Sənət adamının missiyası adi insanların zövqünü qane etmək deyil. Şekspir də Hamletin dilindən (3-cü akt, ikinci səhnə) teatr aktyorlarına deyir ki, "bütün zalın alqışını bir seçilmiş izləyicinin tənqidinə dəyişməyin".

3 - Ümumiyyətlə, sənətin məqsədi və mahiyyətinin təhrifi. Məsələn, Natalie Sarrot, Mişel Bütor və digərlərinin "Yeni roman" hərəkatı üslübunda yazılmış əsərlərinə baxanda görürük ki, bu nəzəriyyə ümumiyyətlə sənətə dəxli olmadığı üçün bir müddətdən sonra tamamilə dayandı. Yəni insana əşya kimi baxmaq və bu yanaşma ilə roman yazmaq qətiyyən mümkun deyil və tamamilə təbiətə ziddir.

4 - Qeyri-ədəbi mühitin ədəbi mühitin əsas təqdimatçısına çevrilmə təhlükəsi. Belə bir şərait bəzən böyük istedadları unudub kiçik istedadları qabardır. Məsələn, Jerar de Nerval, Frans Kafka, Arkadaş Özger və bir çoxları həyatda ikən tamamilə ad-sansız qaldılar. Yaxud Paulo Koelyonun əsərləri. Hətta Harri Potter bir ədəbi əsər kimi qələmə verilir və yaxşı da ad qazanıb...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti