...

Türkiyədə Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub

Mədəniyyət Materials 8 Sentyabr 2014 14:02 (UTC +04:00)
7 sentyabr tarixində Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan gecəsi təşkil olunmuşdur.
Türkiyədə Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

7 sentyabr tarixində Ankaranın Etimesqut Rayon Bələdiyyəsinin təşkil etdiyi 11-ci Beynəlxalq Anadolu Günləri Festivalı çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Azərbaycan gecəsi təşkil olunmuşdur. Gecədə Səfirliyimizin əməkdaşları, çox sayda elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, Ankara ictimaiyyətinin çox sayda nümayəndələri və azərbaycanlı tələbələrimiz iştirak etmişlər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, 11-ci Beynəlxalq Anadolu Günləri Festivalının həyata keçirildiyi böyük sahədə Səfirliyimizin təşəbbüsləri ilə Azərbaycan Evi yaradılmışdır. Azərbaycan Evində ölkəmizə xas əyani təbliğat vasitələri nümayiş etdirilmiş, şənlik iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunmuş, eləcə də, Azərbaycan milli mətbəxinə xas ləziz şəkərbura və paxlavalar paylanılmışdır.

Tədbirdə iştirak edərək konsert vermək məqsədilə Şirvan şəhərindən Ankaraya səfərə gəlmiş Şirvan şəhəri musiqi və rəqs ansamblının konserti şənlik iştirakçılarına xoş anlar yaşatmış, böyük maraqla izlənmişdir. Azərbaycana xas bir-birindən gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr vermişdir.

Gecədə ilkin olaraq Səfir Faiq Bağırovun adından Səfirliyin müşaviri Ceyhun Zeynalov daha sonra Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov çıxış etmişdir. Qonaqlar çıxış etdikləri müddətdə Etimesqut Rayon Bələdiyyəsinə təşəkkürlərini bildirmiş və iki qardaş ölkə münasibətlərinin əhəmiyyəti, Ümummilli Liderimizin "bir millət iki dövlət" kəlamının mahiyyəti, əlaqələrimizdəki bu kimi mədəni tədbirlərin mühüm rolu, eləcə də iki ölkə münasibətlərinin ümid vəd edən gələcəyindən söz açmışdır.

Daha sonra Səfirlik adından Etimesqut Rayon Bələdiyyəsinin Başçısı Ənvər Dəmirələ təşəkkür plaketi təqdim edilmişdir. Ənvər Dəmirəl də öz növbəsində təşəkkür plaketi təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti