...

Meksika Senatında azərbaycanlı rəssam və memarın Qarabağa dair sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 23 Oktyabr 2014 14:18 (UTC +04:00)
Meksika Senatında həmyerlimiz, ABŞ-da yaşayan azərbaycanlı rəssam və memar Yavər Rzayevin rəsm ekspozisiyalarından ibarət “Qarabağ mənim xatirimdə” (“Karabakh on my mind”) adlı sərgi keçirilib.
Meksika Senatında azərbaycanlı rəssam və memarın Qarabağa dair sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Meksika Senatında həmyerlimiz, ABŞ-da yaşayan azərbaycanlı rəssam və memar Yavər Rzayevin rəsm ekspozisiyalarından ibarət "Qarabağ mənim xatirimdə" ("Karabakh on my mind") adlı sərgi keçirilib.

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliydən Trend-ə verilən məlumata görə, Senatın Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barronun təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində Meksika Konqresi və ölkə ictimaiyyətinin nümayəndələri, diplomatik korpusun üzvləri, habelə Senatın vitse-prezidenti Xose Rosas Arispuro (Jose Rosas Arispuro) iştirak edib.

Sərgidə Qarabağın tarixi və təbii landşaftını əks etdirən 11 rəsm nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan senator Q.Kuevas sərginin dünyada mədəni müxtəlifliyə və sivilizasiyalararası dialoqa dəstəyin nümayişi və xalqlar arasında mədəni körpü olduğunu bildirib.

Sərginin təşkilinə görə səfir İlqar Muxtarova təşəkkür edən senator bu tədbirin cari ilin yanvar ayında Azərbaycana səfər etmiş meksikalı senatorların ikitərəfli əlaqələrimizin inkişafına yönəlik fəaliyyətinin bariz nümunəsi olduğunu bildirib.

Rəssam Yavər Rzayevə təşəkkür edən senator onun tanınmış memar və rəssam olduğunu, əsərlərinə dünyanın müxtəlif mədəniyyət festivallarında rast gəlindiyini qeyd edərək bugünkü sərgi ilə ölkəsinin regionumuza bir daha yaxınlaşdığını diqqətə çatdırıb.

Sərgi iştirakçılarını salamlayan səfir İ.Muxtarov bu tədbirin Azərbaycan və Meksika mədəniyyətlərinin yaxınlaşmasına xidmət etməklə yanaşı, ikitərəfli əlaqələrimizin inkişaf göstəricisi olduğunu diqqətə çatdırıb.

Meksikanın Amerika regionunda Azərbaycan üçün əhəmiyyətini önə çəkən səfir Qafqaz və Avrasiya regionunda aparıcı rol oynayan Azərbaycanda Meksika üçün geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Ölkələrimizin artan iqtisadi potensialı və mədəni zənginliklərinin bu sahələrdə mübadilə və əməkdaşlığın inkişafına geniş imkanlar açdığını qeyd edən İ.Muxtarov bu yaxında Bakıda Meksika səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafı yolunda böyük bir addım olduğunu bildirib.

Ölkələrimiz arasında həyata keçirilən elm, təhsil və mədəniyyət sahələrində mübadilə proqramları, habelə ikitərəfli işçi səfərlərin əhəmiyyətini vurğulayan səfir bu addımların ölkələrimizin sosial-iqtisadi və mədəni inkişafına töhfəsindən əminlik ifadə edib.

Əslən Qarabağdan olan və hazırda ABŞ-da yaşayan azərbaycanlı rəssam Yavər Rzayevin rəsm əsərlərindən ibarət sərgini açmaqdan fəxarət hissi duyduğunu qeyd edən İ.Muxtarov onun doğma torpağına olan sevgi və duyğularının bu rəsmlərdə ustalıqla canlandırılan dağ və dərələrin təsvirində təzahür etdiyini diqqətə çatdırıb.

Azərbaycanın tarixi torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyona yaxın əhalisinin qaçqın və məcburi köçkünə çevirildiyini xatırladan səfir münaqişənin sülh yolu ilə həllinə ümidlə yanaşmanın insan təbiətinin təzahürü olduğunu bildirib. O, sərginin təşkilinə və Azərbaycan-Meksika münasibətlərinin inkişafına yönəlik səylərinə görə xanım Q. Kuevasa təşəkkür edib və bir daha tədbir iştirakçılarını xalqlarımız arasında dostluq və əməkdaşlığın təzahürü olan sərgidə iştiraka dəvət edərək, ölkələrimiz və xalqlarımız arasında mədəni yaxınlaşmaya sadiqlik ifadə edib.

Daha sonra çıxış edən Senatın vitse-prezidenti Xose Rosas Arispuro belə tədbirlərin ölkələrimiz arasında ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafına müsbət zəmin yatatdığını diqqətə çatdırıv. Ölkəsinin mədəni müxtəliflik və digər xalqlara dözümlülüyün daim dəstəkçisi oldğunu qeyd edən X.R.Arispuro Meksika mədəniyyətinə beynəlxalq marağın olduğu kimi, Meksikanın da dünya mədəniyyətinə hörmət və ehtiramla yanaşdığını bildirib. Meksika Senatında keçirilmiş dünyanın bir çox bölgələrinə aid çoxsaylı mədəniyyət tədbirlərindən biri olan bu rəsm sərgisinin açılışında iştirakdan məmnunluq duyduğunu qeyd edən senator burada Qarabağın tarixi və təbiətinin nümayiş etdirildiyini diqqətə çatdırıb O, bu tədbirin ikitərəfli əlaqələrimizin inkişafına dəstək məqsədlərinə xidmət etdiyini qeyd edərək, sərginin zəngin tarixi və mədəniyyəti olan xalqlarımız arasında bir mədəni mübadilə və əməkdaşlığa töhfə nümunəsi olduğunu bildirib. Beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan X.R.Arispuro qlobal dünyada təcrid vəziyyətində yaşamağın mümkün olmadığını deyib.

Sonra sərginin açılış mərasimi keçirilib və tədbirdə iştirak edən Senatın vitse-prezidenti və 10 nəfər senatorın iştirakı ilə birgə açılış lenti kəsilib.
Rəsmlər cari ilin 31 oktyabr tarixinədək Senatda sərgilənəcək.
Tədbirdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxinə aid kitab və broşurlar sərgilənmiş, Azərbaycan və Meksika milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti