...

Afaq Məsud TÜRKSOY-un medalına layiq görüldü

Mədəniyyət Materials 22 Aprel 2015 12:10 (UTC +04:00)
Bu gün “JV Marriott Absheron” ötelində 23 aprel – Ümumdünya Kitab və Müəlliflər Hüququ Gününə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan” (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirildi.
Afaq Məsud TÜRKSOY-un medalına layiq görüldü

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Bu gün "JV Marriott Absheron" ötelində 23 aprel - Ümumdünya Kitab və Müəlliflər Hüququ Gününə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirilib. Trendin məlumatına görə, konfransı Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov açıb. O erməni mifomaniyası haqqında danışaraq bədnam qonşularımızın beynəlxalq rəyi çaşdırmaq niyyətindən söz açıb: "Bu gün erməni siyasəti tarixi saxtalaşdırmağa cəhd edir, diasporları bu yöndə fəaliyyət göstərirlər. Qondarma "erməni soyqırımı" iddiasının geniş vüsət almasının, tarixi saxtalaşdırılması cəhdlərinin qarşısının alınması bu gün hər birimizin strateji missiyası olmalıdır".

Sonra YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva müəlliflik hüquqları sahəsində YUNESKO-nun gördüyü əhəmiyyətli işlərdən söz açıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu gün bir sıra dünya ölkələrinin heç bir tarixi araşdırma aparılmadan, tarixşünaslıq elminin mənbələrinə söykənmədən, qondarma "erməni soyqırımı"nı dəstəkləməsindən söz açaraq bu bədnam siyasətlə mübarizənin vacibliyini vurğulayıb.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov çıxış edərək ölkəmizin Qarabağ həqiqətlərinin təbliğatı istiqamətində hər kəsi daha sıx birləşməyə, daha əsaslı işlər görməyə səsləyiblər. Konfransda TÜRKSOY-un katibi Düsen Kaseinov türkdilli ölkələrin münasibətləri, Azərbaycan və Qarabağ həqiqətləri haqqında geniş çıxış edərək türkdilli ölkələrarası əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb.

Tədbirin sonunda ölkələr arasında ədəbi-mədəni əlaqələrin qurulması istiqamətində xidmətlərinə görə, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca TÜRKSOY-un medalı ilə təltif ediliblər.

Tədbir iştirakçılarına "Tərcümə Mərkəzinin kitabları" seriyasından nəşr edilən Oljas Süleymenovun "Az-Ya" kitabı hədiyyə edilib.

Qeyd edək ki, ölkəmizdə 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildən, 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü isə 2001-ci ildən etibarən hər il qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti