...

Fələstin səfiri Tərcümə Mərkəzində olub

Mədəniyyət Materials 26 Yanvar 2016 20:03 (UTC +04:00)
Yanvarın 26-da Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Tərcümə Mərkəzində olub.
Fələstin səfiri Tərcümə Mərkəzində olub

Bakı. Trend:

Yanvarın 26-da Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim Tərcümə Mərkəzində olub.

Görüşə yaratdığı şəraitə görə Mərkəzin direktoru Afaq Məsuda dərin minnətdarlığını bildirən səfir Tərcümə Mərkəzinin dil və tərcümə, beynəlxalq əməkdaşlıq və ədəbiyyatların təbliği sahəsində gördüyü işlərin əhəmiyyətindən, ərəb və Azərbaycan ədəbiyyatının qədim əlaqələrindən danışıb: "Mərkəzin dil və tərcümə, milli ədəbiyyatın təbliği, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər daim bizim səfirliyin diqqət mərkəzindədir. Siz bu sahədə kifayət qədər böyük və mühüm işlər görürsünüz. Həmçinin bir yazıçı olaraq, əsərlərinizlə diqqət çəkirsiniz. Xüsusən qadın və insan azadlığı mövzusunda yazdığınız əsərlər daim mübarizə şəraitində yaşayan Fələstin xalqı üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsərləri ərəb dilində oxumaq çox xoş olardı. Azərbaycan ədəbiyyatı və ədəbi fikri, şərq mədəniyyəti daşıyıcısı kimi, ərəb dünyasına çox doğma və maraqlıdır. Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından və böyük həvəslə tanış olmuşam. Qeyd edim ki, Şərq mədəniyyəti və tarixi ilə sıx bağlı olduğu üçün Azərbaycan mənə, xüsusən doğmadır. Bu irsin və mədəniyyətin dünyada tanıdılması çox vacibdir. Azərbaycan bizim üçün itirilmiş qardaş kimidir. Sovetlər dönəmində hər iki mərhum - ümummilli lider Heydər Əliyev və Yasir Ərəfat arasında sıx əlaqələr var idi və bu əlaqələr Azərbaycan müstəqillik qazanandan sonra daha da möhkəmləndi və genişləndi. Bu ədəbiyyatların qarşılıqlı mübadiləsi hər iki xalq arasında uzun qərinələrlə yaşanmış qədim münasibətləri və mübadilələri yenidən gündəmə gətirə bilər. Düşünürəm ki, Mərkəz bu sahədə mühüm işlər görə bilər. Biz, Fələstin dövlətinin səfirliyi olaraq, bu sahədə hər zaman Mərkəzə kömək etməyə hazırıq".

Mərkəzin direktoru A.Məsud, öz növbəsində, qonağı salamlayaraq Azərbaycanda ərəb ədəbiyyatına və dilinə olan maraqdan, Mərkəzin bu sahədə ərsəyə gətirdiyi işlərdən söz açıb: "Mərkəzə olan bu diqqətinizə və fəaliyyətimizlə bağlı səsləndirdiyiniz xoş sözlərinizə görə təşəkkür edirəm. Fələstin xalqının mübarizliyi və məğlubedilməzliyi bəşəriyyət və insanlıq üçün sarsılmazlıq, əqidə və amal dəfolunmazlığı nümunəsidir. Belə böyük xalqın ədəbiyyatı da, onun hiss və duyğuları da, sözsüz ki, böyük və dəfolunmazdır. Bu gün Fələstində baş verənlər insanlığın qanlı səhifəsi, barışmazlıq və azadlıq uğrunda əbədi döyüş tarixçəsidir. İstəyirəm biləsiniz ki, Fələstin azadlığı uğrunda gedən davamlı mübarizələr daim Azərbaycanın diqqət mərkəzində olub. Hələ 70-ci illərdə Azərbaycan şairləri Fələstin xalqının bu azadsevərliyinə, barışmazlığına şeirlər yazıb. Fələstində yaşananlar bu gün də Azərbaycanın diqqət mərkəzindədir. Mərkəz hələ 90-cı illərdə məşhur fələstinli şair Mahmud Dərvişin əsərlərini Azərbaycan dilinə tərcümə edərək, "Xəzər" dünya ədəbiyyatı jurnalında nəşr edib. Fələstin ədəbiyyatı bu gün də Mərkəzin maraq dairəsindədir. Beləcə, biz Azərbaycan ədəbiyyatının Fələstində tanıdılmasında da maraqlıyıq. "Müasir Azərbaycan antologiyası" adlı beynəlxalq formatlı tərcümə və nəşr layihəmiz çərçivəsində ərəb dilinə tərcümə edilən bu kitabı Misir, Mərakeş, Livan və digər bu kimi ərəb ölkələri ilə yanaşı, Fələstində də nəşr etmək, kitaba daxil edilən ayrı-ayrı yazıçı və şairlərin əsərlərini Fələstinin ədəbi dairələrinə tanıtmaq niyyətimiz var. Bu gün Yer üzünü bürüməkdə olan savaşlara, müharibələrə, ölkələr və millətlərarası ədavətlərə son qoyacaq ən qısa və tutarlı yol, şəksiz ki, ədəbiyyatdır. Bir millətin o biri milləti yaxından tanıması, onu anlayıb, öz doğması qəbul etməsi kimi möcüzəni, yalnız sənətin məhz bu növü - ədəbiyyat yarada bilir".

Görüşdə, həmçinin ərəb və Azərbaycan dillərinin yaxınlığı, ortaqlığı, ədəbiyyatlarda, məişətdə işlənən ərəb sözlərinin Azərbaycan dilində ümumişləklik qazanması və digər bu kimi mövzulara toxunulub.

Sonda səfir Mərkəzə Fələstinin 7000 illik tarixi olan qədim İyerixon şəhəri haqqında ensiklopedik nəşri və Fələstin ədəbiyyatına dair "Yeddinci divarın süqutu", "Əsma Tubi", "Müqəddəs eyvanlar" kitablarını hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti