Bakı. Trend:
International Journal of Information Research and Review (IJIRR, Beynəlxalq İnformasiya Tədqiqatları və Təhlil jurnalı) Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “XVIII-XX əsrin əvvəllərində Naxçıvanda xalçaçılığın vəziyyəti” mövzusunda nəzəri və təcrübi materiallar əsasında hazırlanmış məqaləsini nəşr edib.
Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Naxçıvan diyarında qədim dövrlərdə meydana gəlmiş xalçaçılıq erkən orta əsrlər dövründən başlayaraq müstəqil sənət sahəsinə çevrilib. İşçi qüvvəsinin və xammal ehtiyatlarının bolluğu orta əsrlər dövründə Naxçıvan diyarının xalçaçılıq sənətinin mühüm mərkəzlərindən birinə çevrilməsinə səbəb olmuşdu. Heç də təsadüfi deyil ki, Naxçıvan diyarı şəddə və vərni kimi xalça məmulatlarının istehsal edildiyi ilk ərazilərdən hesab edilir. XVIII-XX əsrin əvvəllərində xarici bazarlarda xalça məmulatlarına tələbatın kəskin şəkildə artması Naxçıvan diyarında da bu sənətin inkişafına güclü təkan vermişdi. Bölgədə istehsal edilən xalça məmulatlarının artıq xeyli hissəsi bazara çıxarılırdı.
Qeyd edək ki, V.Muradovun Naxçıvan xalçaçılıq tarixi mövzusunda tədqiqatları indiyədək respublikanın müxtəlif elmi jurnallarında, qəzetlərində dərc olunmuş məqalələrində, 2013-cü ildə Azərbaycan, ingilis, rus dillərində dərc olunmuş “Naxçıvan xalçaçıları” adlı kitablarında, “Azərbaycan xalçaları. Naxçıvan qrupu” filmində öz əksini tapıb.