...

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya toplayıb (FOTO)

Mədəniyyət Materials 7 Oktyabr 2017 17:57 (UTC +04:00)
Əməkdar artist Təyyar Bayramovla 4-cü Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirilib.
Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya toplayıb (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının Mədəniyyət kanalının "Muğamat var olan yerdə" adlı birgə layihəsi çərçivəsində əməkdar artist Təyyar Bayramovla 4-cü Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdə ilk olaraq ansamblın ifasında "Çahargah dəramədi" səslənib.

Daha sonra səhnəyə ifaçılar çıxaraq ilk olaraq Muğam kompozisiyasını ifa ediblər. Əfrasiyab Bədəlbəylinin "Dumanlı Təbriz" pyesindən Qönçələbin mahnısı, "Bayatı-Şiraz" təsnifi (Dənizdə qağayım, ağ yelkənimsən), Ələkbər Tağıyev və Süleyman Rüstəmin "Sədaqətim var", Əlibaba Məmmədov və Əliheydər Qəmbərovun "Şadlanasan, güləsən", Bəhram Nəsibovun "Qal sənə qurban", Kərkük xalq mahnısı "Ninnə yarım", "Segah" təsnifi, Məmmədbağı Bağırzadə və Zivər Ağayevanın "Qarabağ", Rauf Hacıyev və Ənvər Əlibəylinin "Azərbaycan" mahnıları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı. Gecəyə əməkdar artist, bədii qiraətçi Azad Şükürovun ifalar arasında səsləndirdiyi qəzəllər xüsusi rəng qatıb. Gecə tamaşaçıların gur alqışları ilə başa çatıb.

Qeyd edək ki, layihə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan televiziyasının Mədəniyyət kanalının birgə həyata keçirdiyi layihələrdəndir. Mərkəzin "Sirlər xəzinəsi", "Etnik musiqi inciləri" və "Muğam axşamları" layihələri musiqisevərlər tərəfindən maraqla qaşılanır və sevilir.

Beynəlxalq Muğam Mərkəzinin ötən mövsümdə start verən və uğur qazanan "Muğam axşamları" layihəsinin ikinci mərhələsi oktyabrın 11-də başlayaraq dekabrın 27-nə dək davam edəcək. Layihənin bu mərhələsində "Mahur-Hindi”, “Bayatı-Kürd”(11 oktyabr), “Orta Mahur”, “Rahab”(1 noyabr), “Bayatı-Qacar”, “Şahnaz”(15 noyabr), “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”(29 noyabr), “Xaric Segah”(6 dekabr) muğamları, “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”(15 dekabr), “Ovşarı”, “Arazbarı”(27 dekabr) kimi zərb muğamları səslənəcək.

Biletləri şəhərin kassalarından, Asan xidmət Mərkəzlərindən və onlayn iticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti