Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.
Trend-in məlumatına görə, aprelin 19-da keçiriləcək konsertdə mərakeşli ifaçı Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifalar təqdim edəcək. Qnava üslubu Mərakeşin ən əlvan və rəngarəng mədəni irsinin əsas istiqamətlərindəndir. Bu Afrika, əsasən də Mərakeş folklorudur. Bu ənənəvi musiqi mətnlərin, mahnıların, rəqslərin, Afrika qəbilələrinin kompozisiyasıdır.
Bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan olan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb. Bu il İnnov Qnava qrupu Qremmi mükafatının "Ən yaxşı rəqs" nominasiyasına layiq görülüb. Mərakeşin Essauriya şəhərində hər il 4 gün ərzində Qnava adlı beynəlxalq musiqi festivalı (Gnaoua World Music Festival) keçirilir.
Aprelin 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbirə biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az(online) saytından əldə etmək olar.
Qeyd edək ki, Mərkəzdə layihə çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən, Yunanıstandan və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçib. Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert-layihəyə imza atıb ki, bu layihə əsasında da İtaliyadan, İspaniyadan, Yunanıstandan, Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim ediblər.