...

Sumqayıt Dövlət Dram Teatrından yeni layihə - “Sevgilim Sumqayıt”

Mədəniyyət Materials 6 Dekabr 2018 02:46 (UTC +04:00)
Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcəkdir.
Sumqayıt Dövlət Dram Teatrından yeni layihə - “Sevgilim Sumqayıt”

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcəkdir. Bildiyimiz kimi gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd olunacaq.

Tetardan Trend-ə verilən məlumata görə, dram teatrının yeni layihəsi də doğma şəhərimizin yubileyinə həsr olunacaqdır. Layihənin rəhbəri və ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov, pyesin müəllifi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

“Sevgilim Sumqayıt” adlanan yeni layihə Sumqayıt şəhərinin yaranması, onun ilk sakinlərinin əmək fəaliyyəti, ümumiyyətlə Sumqayıtın dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli sujet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən “Sevgilim Sumqayıt” əsərində teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar.

“İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş sözügedən bu layihə Sumqayıt Dövlət Dram Teatrı kollektivindən şəhərimizin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaq”- deyə layihə rəhbəri Mübariz Həmidov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti