...

“Culture Guide” mədəniyyət bələdçisinin iyun sayı çapdan çıxıb

Mədəniyyət Materials 5 İyun 2019 03:23 (UTC +04:00)
Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb.
“Culture Guide” mədəniyyət bələdçisinin iyun sayı çapdan çıxıb

Bakı. Trend:

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın tarixi, mədəni irsi, zəngin incəsənəti, müasir mədəniyyəti, sənət ocaqlarının fəaliyyəti, eləcə də bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək təbliğat baxımından xüsusi önəm kəsb edir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə nəşr olunan “Culture Guide” kataloqunun iyun sayı çapdan çıxıb.

Nəşr “Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanıb.

Xatırladaq ki, “Baku Guide” markası altında daha öncə eyniadlı turistik jurnal-kataloq nəşr edilirdi. “Culture Guide” isə ingilisdilli və rusdilli oxuculara mədəniyyətimizin bələdçiliyini edir.

Nəşr Azərbaycan haqqında, ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda həmçinin Azərbaycanın müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın yarandığı ölkə olduğu, Orta əsrlərdən Nizami, Nəsimi, Füzuli kimi şair-mütəfəkkirləri ilə tanındığı vurğulanır, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğu diqqətə çatdırılır.

Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə 30 iyun – 10 iyul tarixlərində Bakı şəhərində keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası olacaq. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir, eləcə də Dünya İrs Komitəsinin fəaliyyəti haqqında nəşrdə ətraflı məlumat verilir. Diqqətə çatdırılır ki, Bakı postsovet məkanında UNESCO səviyyəli bu böyük tədbirə ev sahibliyi edəcək sayca üçüncü (Vilnüs və Sankt-Peterburqdan sonra) şəhərdir. Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda daha iki beynəlxalq tədbir – “Gənc peşəkarların forumu” və “Abidə menecerlərinin forumu” da təşkil olunacaq.

Paytaxtın mədəniyyət ocaqları dünyanın hər yerindən ölkəmizə gələcək qonaqlara mədəni irs və incəsənətimizi layiqincə təqdim etmək üçün zəngin və maraqlı tədbirlər proqramı, repertuar hazırlayıblar. “Culture Guide”ın iyun buraxılışında şəhərdəki teatrlar, konsert müəssisələri, muzeylər, kino zallarının aylıq afişası ilə yanaşı, hər bir mədəniyyət ocağı, onların yerləşdiyi tarixi binalar haqqında informasiya, ünvan və telefon nömrələri, eləcə də Azərbaycan Milli Kitabxanası, Gənclər, Uşaq kitabxanaları, qalereya və sərgi salonları, digər sənət məkanları haqqında məlumat verilir. Nəşrdə Bakının tarixi və müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan qoruğundan da söz açılır.

“Culture Guide” ölkəmizin regionlarındakı mədəni irsə, incəsənət həyatına da xüsusi diqqət ayırır. Nəşrin növbəti buraxılışında Mədəniyyət Nazirliyi təşkilatçılığı ilə iki ay davam edən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekunları barədə söhbət açılır. “Açıq səma altında muzey-şəhər” adlı yazıda Şəkinin qədim tarixi-mədəni irsindən, “Azərbaycanın çoxəsrlik tarixə malik misgərlik sənəti” sərlövhəli materialda UNESCO-nun siyahısına daxil edilmiş bu xalq sənətinin İsmayıllı rayonun Lahıc qəsəbəsindəki əsrlərlə yaşadılmasından bəhs olunur.

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Xalq rəssamı Nadir Əbdürrəhmanovun “Sevimli naxışlar” tablosu əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti