...

Bakıda gənc kulinarların üçüncü şirniyyat festivalı keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Yanvar 2020 15:48 (UTC +04:00)
Yanvarın 29-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Gənc kulinarların üçüncü Şirniyyat Festivalı keçirilib.
Bakıda gənc kulinarların üçüncü şirniyyat festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Gənc kulinarların üçüncü Şirniyyat Festivalı keçirilib.

Trend-in məlumatına görə, festival Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, 2016-cı ildən fəaliyyət göstərən mərkəzdə müxtəlif ixtisaslar üzrə kadrlar yetişdirilir. Bu illər ərzində mərkəz müxtəlif nailiyyətlərə imza atıb. Mərkəz turizm və qonaqpərvərlik üzrə tələbələr yetişdirir. Son zamanlarda aşpaz və şirniyyatçı ixtisasları açılıb. Tələbələrə müasir təhsil şəraitinin yaradılması məqsədilə mərkəzə müxtəlif avadanlıqlar gətizdirilib. Peşə təhsilinin keyfiyyətinin artırılması məqsədilə peşəkar aşpazlar tərəfindən təlimlər keçirilib, ən yaxşı tələbələr sertifikatlarla təltif olunublar.

Qeyd edib ki, müxtəlif ölkələrdə təlimlər təşkil olunur, festivallar keçirilir və mərkəz bu yarışmalarda uğurla çıxış edirlər.

Peşə Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aygün Zülfüqarova bildirib ki, turizmin inkişafında kulinariyanın rolu əvəzsizdir. Turistləri ən çox öz gözəlliyi ilə Azərbaycan mətbəxi cəlb edir. Peşə təhsili arasında aşpazlıq ixtisasına yiyələnənlər nəzərəçarpacaq dərəcədədir. Bildirilib ki, bu cür müsabiqələr aşpazlar arasında rəqabət hissini qaldırır, onların peşəkar kimi yetişməsinə kömək edir.

Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edərək deyib ki, blogerlərin mətbəxlə bağlı yaydıqları məlumatlar çox zaman yanlış olduğundan buna qarşı mexanizmlər işlənib hazırlanmalıdır. Eyni zamanda, blogerlər assosiasiyasının tərkibində ədviyyatsevərlər klubunun yaradılması məsələsinin vacibliyi vurğulanıb. Klubun yaradılması səsverməyə qoyulub. Səs çoxluğu ilə klub yaradılıb.

Tədbirdə kulinariya elminə status verilməsi, mətbəx muzeyinin yaradılması, İdarə Heyətinin seçilməsi və digər məsələlər müzakirə olunub.

Sonra forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Sonra Naxçıvan Milli Kulinariya Mərkəzinin nümayəndəsi, Milli Kulinariya Assosiasiyasının Qəbələ, Gəncə, Ağstafa, İsmayıllı, Masallı, Kəlbəcər, Şuşa, Sumqayıt və başqa regionların nümayəndələri çıxış ediblər.

Festivalda gənc aşpazların bişirdiyi şirniyyatlara baxış keçirilib.

Yarışmanın sonunda qaliblər sertifikatlarla mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti