...

Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir

Mədəniyyət Materials 27 Oktyabr 2021 18:35 (UTC +04:00)
Zəfər Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirilir

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi uşaqlar arasında xalqımızın və dövlətimizin Qarabağ zəfərinə həsr olunan “Zəfər Günü” adlı rəsm müsabiqəsi elan edir.

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Müsabiqənin əsas məqsədi tarixi qələbəni uşaqların gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu aşılamaqdır.

Müsabiqənin 5-10 və 11-15 yaşlı uşaqların iştirakı ilə 2 kateqoriya üzrə keçirilməsi nəzərdə tutulur. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Müsabiqənin şərtləri aşağıdakılardır:

• İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər;

• Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnoloji vasitələrin imkanlarından istifadəyə yol verilməməlidir;

• Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz;

• Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər.

Müsabiqənin qaliblərinə İdarə tərəfindən mükafatlar təqdim olunacaq. Hər bir iştirakçıya isə Bəhram Bağırzadənin şəxsi imzası ilə uşaq kitabları hədiyyə ediləcək.

İştirakçılar əl işlərini 27.10.2021-dən – 4.11.2021-dək saat 09:00-18:00 aralığında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə təqdim edə bilərlər. Ünvan: İçərişəhər, Böyük Qala küç 28

Qeyd edək ki, işlər 6-9 noyabr tarixlərində Bakı Xan Sarayı Kompleksinin parkında yaradılan “Art Zonası”nda sərgilənəcək. Ünvan: İçərişəhər, Böyük Qala 46.

Münsiflər heyəti:

Bəhram Bağırzadə - aktyor, rejissor, teleaparıcı, Rəssamlar Assosiasiyasının üzvü

İrina Eldarova - Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü

Anna İbrahimbəyova - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru

Bəhruz Kəngərli - rəssam

Orxan Qarayev - rəssam

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti