...

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” defiləsi olacaq

Mədəniyyət Materials 25 May 2022 14:09
Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və “AFFFAIR in Carpets” defiləsi olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin defiləsi keçiriləcək.

Fonddan Trend-ə verilən məlumata görə, iyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı “AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Azərxalça” ASC-nin kreativ komandasının ərsəyə gətirdiyi yeni xalçalar və “Sumakh” deyim kolleksiyası nümayiş etdiriləcək.

Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq məktəbinin yaşadılması və inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycanda və xaricdə bir sıra layihələr, sərgilər təşkil edib. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə yenə də zövqləri oxşayır.

Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan “Sumakh” kolleksiyası da bu baxımdan diqqət çəkir.

“AFFFAIR in Carpets” adlı nümayişdə "Sumakh Haute Couture""Sumakh Affordable Luxury" kolleksiyasından 50-ə yaxın qeyimin defiləsi keçiriləcək. Qeyd edək ki, "Sumakh Haute Couture" bu günədək Paris və Moskvada nümayiş etdirilib. "Sumakh Affordable Luxury" kolleksiyası isə ilk dəfə məhz Bakıda təqdim olunacaq.

Kolleksiyaya daxil olan 5 məşhur xalça motivi əsasında yaradılan əsərlər isə xüsusən diqqət çəkir:

“Açma-yumma” xalçası Qarabağ xalçaları arasında bədii xüsusiyyətləri ilə fərqlənir və “Açma-yumma” xalçaları silsiləsindən olan naxışlar kompleksinin bir hissəsidir.

Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri “Qarabağ” xalçasından qaynaqlanıb. İlk baxışdan təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq kəhkaşana qərq olur.

“Naxçıvan” adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən “Xətai” və “Çələbi” xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiyadan yaranıb.

Qarabağın “Ovçuluq” xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış “Bəndi-Rumi” kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb.

“Pazırıq” adlanan əsər türk soyuna aid edilən və dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.

Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti