...

Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadənin pyesi əsasında səhnələşdirilmiş sevimli tamaşası nümayiş olunub (FOTO/VİDEO)

Mədəniyyət Materials 25 Fevral 2023 12:56 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadənin pyesi əsasında səhnələşdirilmiş sevimli tamaşası nümayiş olunub (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend Life:

Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində görkəmli satirik yazıçı və maarifçi Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Ölülər” tamaşası nümayiş olunub.

Layihə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar olaraq, Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlərin həyata keçirilməsini planlaşdırır. Bunlardan biri də “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində teatr tamaşalarının nümayişi olacaq. Cəlil Məmmədquluzadənin "Ölülər" tragikomediyası ümummilli lider Heydər Əliyevin sevimli əsərlərindən biri idi.

Gecənin açılışında ulu öndərin əsər haqqındakı düşüncələrini əks etdirən videomaterial təqdim olunub. Heydər Əliyev deyib: ""Ölülər" pyesi dərin fəlsəfi əsərdir. O öz fəlsəfi yükünə görə Azərbaycan ədəbiyyatının dram əsərləri arasında birinci yerdə dayanır. Eyni zamanda onu digər əsərlərdən dərin milli ruhu, milliliyi fərqləndirir... Mən Şekspirin əsərlərindən tutmuş bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, hələ heç kim "Ölülər"in tayı-bənzəri olan əsər yarada bilməyib. Çünki bu cür mövzunun seçimi özlüyündə fəlsəfədir, dahilikdir..." Heydər Əliyev hələ gənclik illərindən teatra çox bağlı olub. Məktəb və tələbəlik illərində dram dərnəklərində çıxış edib və Azərbaycan milli teatrını milli sərvətimiz adlandırıb. Ulu öndər mütəmadi olaraq teatr tamaşalarını ziyarət edib, həmişə yaradıcı kollektivlərlə görüşüb, öz məsləhət və tapşırıqlarını verib, mədəniyyət xadimlərinə xüsusi diqqət və qayğı göstərib.

Cahilliyə, ikiüzlülüyə, riyakarlığa qarşı çıxan "Ölülər" pyesi 1909-cu ildə yazılıb. İlk dəfə 29 aprel 1916-cı ildə Bakı şəhərində Tağıyev teatrının səhnəsində dahi Hüseynqulu Sarabski tərəfindən səhnələşdirilib. İkinci tamaşa 17 avqust 1916-cı ildə Şuşa şəhərində görkəmli şairə və ictimai xadim, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan tərəfindən yaradılmış qadın məktəbində nümayiş olunub.

Tamaşa uzun illər ərzində dəfələrlə müvəffəqiyyətlə səhnələşdirilib. Bu dəfə isə dünyanın ən möhtəşəm akustikaya malik zallarından birində - Heydər Əliyev Mərkəzinin Auditorium zalında nümayiş olunub. Burada məxsusi olaraq tamaşa üçün parlaq dekorasiyalar, həmçinin aktyorlar üçün kostyumlar hazırlanmışdı. Hazırki interpretasiyada quruluşçu rejissor, xalq artisti Azər Paşa Nemətov tamaşada vaxtilə görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin "Ölülər" əsəri üçün yazdığı musiqinin yeni versiyasını təqdim etdi. Musiqi xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndi.

Tamaşa böyük maraq doğurdu (qısa müddət ərzində bütün biletlər satıldı) və anşlaqla keçdi. Tamaşaçılar yaradıcı kollektivə gurultulu alqışlar və çiçəklər hədiyyə etdilər.

Süjetə görə, hiyləgər və fırıldaqçı Şeyx Nəsrullah insanların cahilliyindən məharətlə istifadə edərək onların ölmüş qohumlarının siyahısını tutur və onları dirildəcəyini vəd edir. Məhdud düşüncəli, savadsız insanlar sevinclə öz doğmalarının "dirilməyini" gözləyirlər və Şeyx Nəsrullaha hər şeyi verməyə hazırdırlar. Sözün əsl mənasında hər şey! Dramaturq Nəsrullahın əzəmətinə inanan və zombi kimi onun ardınca düşən bu insanların əsl simalarını çox incə cizgilərlə ifşa edir. Bu zaman məhz "cəmiyyətin gözündən düşmüş insan", Kefli İsgəndər insanların gözlərini həqiqətə açır, onlara fanatizmin və mövhumatın nə qədər təhlükəli olduğunu göstərir. Pyesdə İsgəndərin monoloqu milli ədəbiyyatımızdakı ən yaxşı monoloqlardan biri hesab edilir. Həyatı boyu maarifləndirmə, təhsil və mədəniyyət uğrunda mübarizə aparmış əsərin müəllifi əsl və fədakar situativlik arasındakı ən mühüm fərqi aydın şəkildə vurğulayır. İsgəndərin məhz bu cümləsi bunu sübut edir: "Hamı deyir "elm öyrən, alim ol", amma heç kim demir ki "elm öyrən, adam ol"".

Tamaşa parlaq aktyor heyətinin ifasında nümayiş olunub. Baş rollarda xalq artisti Nurəddin Mehdixanlı (Şeyx Nəsrullah) və əməkdar artist Anar Heybətov (kefli İsgəndər) çıxış ediblər. Rollarda xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və digərləri çıxış ediblər.

Həmçinin tamaşada müxtəlif yaş qruplarından olan aktyorların iştirakı da mühüm cəhətlərdən biri idi - ən yaşlı aktyor 85 yaşlı xalq artisti Rafiq Əzimov, ən gənc aktyor isə 10 yaşlı Səccat Kazımov idi. Aktyorlar öz təəssüratlarını Trend-lə bölüşdülər.

Rafiq Əzimov - "Cəlil Məmmədquluzadə ölkəmizin ədəbi-ictimai düşüncəsində və tarixində məxsusi yer tutur. O milli mədəniyyətimizə yeni ideyalar, reallıq gətirməklə dövrünün ən aktual problemlərinə toxunub. Sadə bir insanı hadisələrin böyük qəhrəmanına çevirməklə yazıçı oxucunun diqqətini böyük dünyaya çəkərək onu düşünməyə vadar edir. Mən çox şadam ki, milli teatrımızın bu tarixi hadisəsində, tamaşanın ulu öndər Heydər Əliyevin şərəfinə adlandırılmış Mərkəzdə nümayişində iştirak etdim. Bu onun sevimli tamaşalarından biri idi. Arzu edirəm ki, bu tamaşa Cəlil Məmmədquluzadə irsinin və milli teatr sənətimizin təbliği məqsədilə dünya səhnələrində də nümayiş olunsun. Bu gün milli mədəniyyətimiz üçün böyük bayramdır!"

Səccat Kazımov - "Mənim 10 yaşım var, qəhrəmanım da mənimlə həmyaşıddır. Mənim üçün bu tamaşada çıxış etmək böyük xoşbəxtlikdir, heç də qorxu və ya həyəcan hiss etmədim, çünki əhatəmdə səhnənin böyük ustaları var idi və məni dəstəkləyirdilər".

Baş rol ifaçısı Nurəddin Mehdixanlı: "Bu tamaşa böyük fəlsəfi və ibrətamiz anlama malikdir, bugünədək aktualdır, çünki indi də "Şeyx Nəsrullah" və onu əhatə edən insanlar kimiləri var. Həm də, həyatın bir çox sferalarında, o cümlədən siyasətdə. Bu cür insanlara, onların sözlərinə və yalançı vədlərinə inanmaq olmaz. Həmişə elm və inkişafa, maarifçiliyə və milli ənənələrin düzgün yolla qorunub saxlanılmasına doğru getmək lazımdır. "Şeyx Nəsrullahlara" sözün bütün mənalarında dur deməliyik!"

Hacı İsmayılov: "Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqı müsəlman dünyasında ilk dəfə olaraq 1873-cü ildə peşəkar milli teatr yaradıb və bu teatr dünya mədəniyyətində öz layiqli yerini tutubsa, deməli bu bizim xalqımızın nə qədər böyük potensiala, gücə, mənəviyyata və intellektə malik olduğundan xəbər verir. Bu həqiqətdir! Ümummilli lider Heydər Əliyev teatrı çox sevirdi və deyirdi: "Teatr müqəddəs yerdir. Teatr insanların mənəvi cəhətdən formalaşmasında həmişə böyük rol oynayıb. Mən həmişə teatrla bağlı olmuşam, teatra yaxın olmuşam. Bu, keçici bir duyğu deyil...Teatr və incəsənət sahəsində çalışan insanlar çox fədakar şəxslərdir". Teatrımız və bütün teatr ictimaiyyəti adından Heydər Əliyev Mərkəzinə bu layihənin reallaşdırılmasına görə minnətdarlığımı bildirirəm. Bu, milli teatr sənətimizin böyük uğurudur!"

Tamaşanın sonunda səhnə əsərinin hazırlanmasında iştirak etmiş bütün yaradıcı kollektiv Heydər Əliyev Mərkəzi tərəfindən minnətdarlıq məktubları və hədiyyələrlə mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti