Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Azərbaycanda parlament seçkiləri aşkar və yüksək seçici fəallığı ilə keçir. Bunu Trend-ə Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda deyib.
Onun sözlərinə görə, səsvermə sakit şəraitdə və Seçki Məcəlləsinə uyğun keçirilir: "Xeyli sayda yerli müşahidəçi səsvermənin gedişini izləyir. Seçkilərin aşkarlığı və şəffaflığı barədə danışmağa tam haqqımız var, çünki bu qədər müşahidəçi bu proses üzərində vətəndaş nəzarətini gücləndirir. Qanun pozuntusu qeydə almamışıq".
Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.
Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.
Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.