...

Avropalı müşahidəçilərdən Qərbə tərs şillə: "Seçkilər yüksək səviyyədə keçirildi"

Seçki 2015 Materials 2 Noyabr 2015 22:00 (UTC +04:00)
Parlament seçkiləri başa çatdı. Gözlənildiyi kimi, seçkilərdə aktivlik yüksək oldu, seçicilər layiq bildikləri namizədə səs verib, onlara mandat verdilər.
Avropalı müşahidəçilərdən Qərbə tərs şillə: "Seçkilər yüksək səviyyədə keçirildi"

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Parlament seçkiləri başa çatdı. Gözlənildiyi kimi, seçkilərdə aktivlik yüksək oldu, seçicilər layiq bildikləri namizədə səs verərək onlara mandat verdilər.

Seçkiləri müşahidə edən beynəlxalq və yerli təşkilatların, peşəkar "exit-poll" şirkətlərinin elan etdiyi nəticələr bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan nəinki demokratik seçki keçirmək iqtidarındadır, hətta bu məsələdə Avropanın özü üçün nümunə sayıla bilər.

Seçkiləri müşahidə edən avropalı müşahidəçilərin söylədiyi fikirlər, eyni zamanda müxtəlif dövlətlərdən təşrif buyuran beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı rəyləri ölkəmizin seçki hazırlığı sahəsində böyük təcrübəyə malik olduğunu göstərdi.

Seçkiöncəsi ənənəvi müxalifət liderlərinin və onların nəzarətində saxladığı mətbuat orqanlarının "qara piar" kampaniyası ifşa olundu. Seçki gününə qədər müxtəlif təxribatlarla gündəmə gələn müxaliflər seçkilərin nəticələri elan olunandan sonra ağızlarına su alıb oturdular. Elə bil heç seçkilərin keçirilməsindən xəbərləri yoxdur.

Son parlament seçkiləri siyasi riyakarlığı həyat tərzinə çevirmiş bir qrup insanın da ifşası ilə əlamətdar oldu. Ötən seçkilərdə mandat alanların, yolunu parlamentdən salıb "seçkilər demokratik keçdi" deyənlərin bu dəfə mandat almaması səbəbindən nəticələri saxta elan etməsi də diqqətdən yayınmadı. Vaxtilə Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin getdiyi yolu bu dəfə başqaları, misal üçün, seçkidən öncə "bizim dairədə seçkilər halal olacaq" deyən Pənah Hüseyn, İlyas İsmayılov və digərləri davam etdirdilər.

1 noyabr seçkiləri həm də ölkəmizə qarşı təzyiq vasitələrini işə salan Qərbin, ona bağlı təsisatların məkrli niyyətini faş etdi. Seçkilərdən öncə Azərbaycandakı seçkiləri müşahidə etməkdən imtina edənlərə ən layiqli cavabı elə qərbli müşahidəçilərin özləri verdilər. "Azərbaycanda seçkilər yüksək səviyyədə keçirildi" deyən avropalı müşahidəçilərin bəyanatları dünyanı nəzarətə almaq istəyən, öz şəxsi maraqları naminə nəinki minləri, hətta milyonları belə qurban verməyə hazır olan "Qərb başbilənləri"nə tərs şillə oldu.

Ölkəmiz bu sınaqdan da üzüağ çıxdı. Azərbaycanda xalqla iqtidar arasında dərin bağlılığın olduğu, məkrli niyyətlərə qarşı birgə mübarizə aparıldığı bir daha dünyaya nümayiş etdirildi.

İnsan psixologiyasının mahir bilicisi Ziqmund Freydin təbirincə desək, Azərbaycan hökuməti boş, mənasız və bayağı bəyanatlarla yox, konkret və real fəaliyyəti ilə həqiqətin xoş, bəziləri üçünsə acı üzünü hər kəsə göstərdi və bu dəfə də bunu çox yaxşı bacardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti