Azərbaycan, Bakı, 2 noyabr /Trend, Azər Niftiyev, müxbir Ənvər Məmmədov/
"Seçki məntəqələrində və ətrafında heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilər beynəlxalq standartlara uyğun olaraq tam demokratik və şəffaf şəraitdə keçirilib".
Bunu dünən Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Almaniyanın Seçkiləri Müşahidə Qrupunun rəhbəri Eduard Lintner Hilton otelində keçirdiyi mətbuat konfransı zamanı söyləyib.
Müşahidə Qrupunun rəhbəri bildirib ki, qrupun bəzi üzvləri bundan öncə də Azərbaycandakı seçkiləri müşahidə ediblər: "Seçki bülletenlərində namizədlər haqqında qısa məlumat verilmişdi. Bu heç şübhəsiz seçicilərin işini asanlaşdırdı. Onlar rahat şəkildə namizədlərin kimliyi, fəaliyyəti ilə bağlı rahat məlumat ala bilirdilər. Apardığımız müşahidələrə əsaslanıb deyə bilərik ki, seçkilərin gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. 1 noyabr seçkiləri demokratik və şəffaf keçirilib. Ölkəniz bununla demokratik standartlara dorğu daha bir addım atıb".
Xatırladaq ki, Almaniyanın Seçkiləri Müşahidə Qrupu 11 nəfərdən ibarət tərkibdə olub və qrupa Almaniya Bundestaqının, Bavariya Parlamentinin üzvləri və sabiq deputatlar, Almaniya Federal Hökumətinin və Bavariya Əyalət Hökumətinin sabiq deputatları daxil olub.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 890 mindən çoxu seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.
Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.