...

Rauf Əliyev: "Freedom House" əvvəlcədən seçkilərin nəticələrinə kölgə salmaq istəyirdi

Seçki 2015 Materials 2 Noyabr 2015 15:36 (UTC +04:00)
Azərbaycanda hələ parlament seçkilərinə hazırlıq mərhələsinə başlananda "Freedom House" əvvəlcədən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərmişdi.
Rauf Əliyev: "Freedom House" əvvəlcədən seçkilərin nəticələrinə kölgə salmaq istəyirdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycanda hələ parlament seçkilərinə hazırlıq mərhələsinə başlananda "Freedom House" əvvəlcədən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərmişdi. Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev "Freedom House" təşkilatının Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

R.Əliyev qeyd edib ki, bu, Freedom House-un Azərbaycana qarşı qəbul etdiyi ilk belə qərəzli və ədalətsiz bəyanat deyil: "Bu vaxta qədər özünü beynalxalq hüquq-müdafiə təşkilatı hesab edən bu təşkilat dəfələrlə Azərbaycan əlehyinə müxtəlif məsələlər üzrə qərəzli, ədalətsiz, fitnəkar bəyanatlar qəbul edib. Bu ilin sentyabr ayında - parlament seçkilərinə xeyli vaxt qalmış bu təşkilat Azərbaycanda keçriləcək parlament seçkilərinə kölgə salmağa cəhd göstərən bəyanat qəbul etmişdi".

Onun sözlərinə görə, son bəyanatda qeyd olunur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan hökumətinin müşahidəçilərinin sayını azaltmaq tələbinə görə bu seçkini izləməkdən imtina edib: "Maraqlıdır, niyə görə seçkilərin düzgün, demokratik keçirilməsini ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müəyyənləşdirməlidir? Bu haqqı onlara kim verib? Azərbaycana 400 müşahidəçi göndərmək istəyirdilər. Sual olunur: niyə bu qədər çox? 80 milyon əhalisi olan Tükkiyəyə 18 nəfər, 45 milyon əhalisi olan Ukraynaya isə Azərbaycana təklif olunan saydan olduqca az müşahidəçi göndərilib".

Millət vəkili bildirib ki, Azərbaycanda keçrilən parlament seçkilərini Avropa Şurasından, MDB-dən və çoxlu sayda müxtəlif ölkələrdən olmaqla 500-dən çox beynəlxalq, minlərlə yerli müşahidəçi izləyib və seçkilərin tam demokratik və qanunvericiliyin tələblərinə uyğun keçirildiyini bildirirlər: "Əlbəttə, seçkilərin belə uğurla, beynəlxalq standartlara uyğun keçirilməsi bu cənabların planlarına uyğun gəlmir. Qoy özünü beynəlxalq hüquq-müdafiə təşkilatı hesab edən "Freedom House" hazırda beynəlxalq aləmdə baş verən milyonlarla insanın kütləvi surətdə pozulan hüquqlarının qorunması ilə məşğul olsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti