...

Nazir müavini: Qanun pozuntusuna birinci dəfə yol verən vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz

Gündəm Materials 19 Dekabr 2018 14:38 (UTC +04:00)
Qanun pozuntusuna birinci dəfə yol verən vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz.
Nazir müavini: Qanun pozuntusuna birinci dəfə yol verən vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın əmək bazarında çox ciddi problemlər var. Trend-in “Vergilər” qəzetinə istinadən verdiyi məlumata görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini şərh edib. Edilən dəyişikliyin sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcəyini vurğulayan nazir müavini bildirib ki, bu mövzunun daha çox müzakirə olunması təbiidir, çünki hamının maraqları ilə səsləşir:

"Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8 min manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əmək­haqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq".

Onun sözlərinə görə, bu güzəştin yalnız qeyri-neft-qaz, özəl sektora aid olmasını, mediada bəzən məsələnin mahiyyətinə varmadan, diskriminasiya kimi dəyərləndirənlər də olur: "Məsələni belə qoyurlar ki, bu dəyişiklik niyə neft-qaz sahəsində və ya dövlət qulluğunda çalışanlara şamil olunmur? Əslində, məsələyə bu cür yanaşmaq düzgün deyil. Əgər bu dəyişiklik hamıya şamil edilsəydi, onun adı güzəşt deyil, sadəcə, vergi dərəcəsinin azaldılması olardı. Amma bu güzəştdir, güzəşt isə yalnız müəyyən müddətə və müəyyən sahələrə tətbiq edilir və bu, bütün dünyada belədir. Güzəştin məqsədi odur ki, tətbiq olunduğu problemli sahələrdə müsbət dəyişikliklər üçün şərait yaratsın. Digər tərəfdən, hər bir güzəştin müəyyən maliyyə tutumu var və bu gün büdcəmiz belə bir maliyyə imkanına malik deyil ki, bu dəyişikliklər hamıya şamil edilsin".

S.Ələkbərov bildirib ki, Azərbaycanın əmək bazarında çox ciddi problemlər var, əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur: "Bəs yerdə qalanlar? Əlbəttə, onların da böyük bir qismi işləyir və müəyyən məbləğdə gəlir əldə edir. Lakin onlar əmək bazarında rəsmi qeydiyyatda olmayan işçi kimi iştirak edirlər. Təbii ki, belə hallar iqtisadiyyatda ciddi problemlər yaradır".

Nazir müavini problemin sağlam rəqabət mühitinə mənfi təsir göstərdiyini vurğulayıb: "Təsəvvür edin ki, bir sahibkar fəaliyyətini normal qaydada qurur, şəffaf şəkildə işləyir və qanunun tələblərinə tam əməl edir. Digər sahibkar isə qanuna əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla həm onların gələcəkdə pensiya təminatı və digər məsələlərlə bağlı hüquqlarını pozur, həm də vergidən yayınır və başqa sahibkarlara nisbətən müəyyən üstünlüklər əldə etmiş olur. Belə bir şəraitdə sağlam rəqabətdən söhbət gedə bilərmi? Ona görə də bu gün dövlət vergi orqanı qarşısında vəzifə qoyur ki, qanunun tələblərinə əməl edən və şəffaf işləyən sahibkarın yanında olsun, ona kömək etsin. Şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar isə gec-tez öz qarşısında vergi müfəttişini görməlidir. Məcəlləyə dəyişikliklərdə qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün inzibati cəza mexanizmləri və sanksiyalar da sərtləşdirilib. Lakin bu sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və intizamlı vergi ödəyicisi bundan narahat olmamalıdır. Dövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs isə qanunun gücünü öz üzərində hiss etməlidir. Məcəlləyə belə bir maddə də əlavə olunub ki, Vergi Məcəlləsində bu il edilən dəyişikliklərlə bağlı hər hansı qanun pozuntusu aşkarlanarsa, birinci dəfə həmin vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz. İlk dəfə belə sahibkarlara yalnız yazılı şəkildə xəbərdalıq ediləcək. İkinci və sonrakı dəfələrdə isə qanun pozuntusuna yol verənlərə qarşı sanksiyalar tətbiq olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti