Bakı. Trend:
Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğu ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sorğu edilmişdir.
Belə ki, Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə Respublikasının vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilmiş və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilmişdir.
Fədail Quliyevin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilmişdir.
Fədail Quliyevin yaxın günlərdə Azərbaycan Respublikasına ekstradisiyası həyata keçiriləcəkdir.