Bakı. Samir Əli - Trend:
Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində yüksək döyüş taktikası ilə böyük uğurlar əldə etdi.
Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu müddət ərzində keçirdiyi uğurlu əməliyyatlar nəticəsində işğal altında olan bir sıra şəhər və rayonları tam, bəzi rayonlarda isə kəndləri və strateji yüksəklikləri işğaldan azad edib:
"Bu gün silahlı qüvvələrimiz Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı rayonlarını işğaldan azad edib, Laçın rayonunun bir sıra kənd və yüksəkliklərini, Xocavənd rayonunun bir çox kənd və yüksəkliklərini, Şuşa şəhərini, Xocalının bir sıra kənd və yüksəkliklərini düşməndən aldı və öz öhdəsinə düşən vəzifə borcunu yerinə yetirdi. Ümumilikdə, 10 inzibati rayonun 9-da uğurlu əməliyyat həyata keçirilib. Bunun nəticəsidir ki, düşmən işğal altında olan digər rayonlardan çəkilməyə razılıq verdi. Bu gün düşmən Azərbaycan tərəfin şərtləri ilə razı oldu və qrafiklə işğal altında olan digər əraziləri boşaldacaq. Ərazidə qalan düşmən qoşunları varsa, həmin qoşunlar da bölgəyə cəlb edilmiş sülhməramlılar tərəfindən ərazidən çıxarılacaq. İşğalda olan ərazilər boşaldılandan sonra Azərbaycan həmin ərazislərdə infrastruktur layihələr həyata keçirəcək. Bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam, fərman və göstərişlər verib".
Hərbi ekspert deyib ki, Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları ilə Azərbaycanın üzərindəki 30 illik ləkəni sildi: "Artıq Azərbaycanın dövlət sərhədində bizim əmin-amanlığımızı təmin etdi. Azərbaycanın Ali Baş Komandanı və silahlı qüvvələrimiz bir arada vəhdət təşkil edərək 200 il ərzində ilk dəfə olaraq işğal altındakı torpaqları azad etdi. Bu, müzakirəsiz deyilə biləcək bir qələbədir. Bu, dövlətimizin, xalqımızın və ordumuzun dəmir yumruq olaraq birləşməsinin nəticəsi və bununla əldə olunan zəfərdir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralanan hərbçilərimizə şəfa versin. Biz bununla bütün dünyaya sübut etdik ki, Azərbaycanın qüdrətli və müzəffər ordusu var".