...

İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb

Gündəm Materials 13 Aprel 2021 11:04 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanmasına dair televiziya verilişi yayımlanıb.

Trend-in məlumatına görə, veriliş müəllifin “The Contreras Report” müəllif proqramı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.

Sözügedən verilişdə müəllif minaların dağıdıcı fəsadlarından bəhs edərək, bundan ən çox mülki vətəndaşların zərər gördüyünü və piyadalar əleyhinə minaların beynəlxalq konvensiya ilə qadağan olunduğunu diqqətə çatdırır. O, hazırda dünyanın 64 ölkəsində 110 milyona yaxın minanın mövcud olduğunu bildirir.

R.Kontreras Azərbaycanın 44 günlük Vətən müharibəsi haqda məlumat verərək, ölkəmizin 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etdiyini vurğulayır. O, Ermənistanın həmin işğal müddətində, eləcə də müharibə dövründə və birgə bəyanatın imzalanmasından sonra öz qoşunlarını işğal edilmiş torpaqlarımızdan çıxararkən həmin əraziləri kütləvi şəkildə minaladığını bildirir. Bundan başqa, jurnalist Ermənistanın 30 ilə yaxın işğalı müddətində həmin ərazilərdəki şəhər və kəndlərin, orada azərbaycanlılara məxsus evlərin demək olar hamısının talan edilərək dağıdıldığını qeyd edir.

Müəllif hazırda işğaldan azad edilmiş ərazilərdə olan minaların işğal nəticəsində doğma yurdlarından didərgin salınmış azərbaycanlıların öz evlərinə qayıtmasına və buradakı yenidənqurma işlərinə ciddi çətinlik törətdiyini qeyd edir. R.Kontreras azad edilmiş ərazilərimizin böyük hissəsinin minalandığını və təmizləmə işlərinin külli miqdarda vəsait, çox sayda mütəxəssis və uzun zaman tələb etdyini diqqətə çatdıraraq, dünya birliyinin Azərbaycana bu sahədə kömək etməli olduğunu söyləyir. O, Ermənistanın bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini və bunun beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayır. R.Kontreras birgə bəyanatın imzalanmasından bəri 14 mülki şəxs daxil olmaqla, 20 Azərbaycan vətəndaşının həmin ərazilərdə minaya düşərək həlak olduğu və 16 mülki şəxs daxil olmaqla, 85 nəfərin ağır yaralandığını bildirir.

Verilişin tam versiyasını bu linkdə izləmək mümkündür: https://youtu.be/G_H3FWo1PkQ

Məqalədə:
Xəbər lenti

Xəbər lenti