...

ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır

Gündəm Materials 4 İyul 2022 14:54 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həm maddi-texniki bazasının genişləndirilməsi, həm də potensialın artırılması istiqamətində davamlı işlər görür.

ANAMA-dan Trend-ə bildirilib ki, daha 5 baş xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ümumilikdə 30 baş minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 baş itin 2023-cü ilin ilk yarım illiyinədək göndərilməsi nəzərdə tutulub.

Öncəki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, Qarabağda icra edilən əməliyyatlara cəlb olunublar.
Dörd-ayaqlı yardımçılarımız işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak edərək, “Böyük Qayıdış” layihəsinin reallaşdırılması istiqamətində təhlükəsiz mühitin yaradılmasında öz xüsusi töhfələrini verir.

Qeyd edək ki, minaaxtaran itlərin mərhələli şəkildə Azərbaycana gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti