Bakı. Trend:
İçərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına düşməsi nəticəsində həlak olan polis serjantı Kamran Məmmədovun meyiti tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
XXX
11:49
Bu gün səhər 06:30 radələrində içərisində 4 nəfər Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı olan "Fiat" markalı xidməti avtomobil Kür çayına aşıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub.
Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, daha əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub.
Hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Görülən tədbirlər nəticəsində avtomobil sudan çıxarılıb. Batması ehtimal olunan bir nəfərin axtarışları davam etdirilir.