Bakı. Trend:
Qarabağ müharibəsi iştirakçıları və digər mülki şəxslərin əmlaklarının qanunsuz yolla ələ keçirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, 2021-ci ilin dekabrın 29-dan cari ilin iyulun 22-nə kimi Elvin Əliyev qohumu Ənvər Əkbərovla özlərini Azərbaycan Respublikası Ali dövlət orqanının vəzifəli şəxsi kimi təqdim etməklə birdəfəlik maddi yardım köçürüləcəyi barədə inandırıb ödəniləcək yardımın 10%-i məbləğində vəsaitin əvvəlcədən depozit qismində özünün təqdim etdiyi bank hesabına köçürülməsinə və zərərçəkmiş şəxslərin hesablarına mədaxil edilməsinə nail olub Respublikanın müxtəlif bölgələrində yaşayan 22 nəfər I Qarabağ müharibəsi iştirakçısı və 17 nəfər digər mülki şəxs olmaqla, cəmi 39 nəfər şəxsə aid ümumilikdə 16 min 765 manat pul vəsaitini ələ keçirmiş, o cümlədən 12 min 308 manat məbləğində pul vəsaitini leqallaşdırmışdır.
Toplanmış sübutlar əsasında Elvin Əliyev və Ənvər Əkbərova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 (dələduzluq), 193-1.2.1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.