...

Bakıda bir gündə iki iş adamının avtomobilindən külli miqdarda pul oğurlanıb

Hadisə Materials 23 Oktyabr 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakının Yasamal rayonu ərazisində iş adamının avtomobilindən külli miqdarda pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsindən (RPİ) cümə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 22 - də saat 20:00 radələrində Murtuza Muxtarov küçəsində Bakı sakini, 66 yaşlı Nazim Məmmədzadəyə məxsus "Mercedes" markalı avtomobilin şüşəsini sındırmaq yolu ilə 50 min dollar pul oğurlanıb.

Rayon Polis İdarəsindən bildiriblər ki, zərərçəkən ilkin dindirmə zamanı həmin pulla avtomobil almaq istədiyini deyib. Məmmədovun iş adamı olduğu bildirilir.

Hadisəni törədən şəxsin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Yasamal RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.3.2) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Həmin gün Bakının Nizami rayonu ərazisində də oxşar hadisə baş verib.

Nizami rayon Polis İdarəsindən (RPİ) cümə axşamı Trend - a verilən məlumata görə, oktyabrın 22 - də saat 14:00 radələrində Babək prospektində Bakı sakini, Cəbrayıl Əziz oğlu Nuriyevə məxsus "Fiat" markalı avtomobilin şüşələrini sındırmaq yolu ilə avtomobilin içərisindəki 46 min dollar pul oğurlanıb.

Rayon Polis İdarəsindən bildiriblər ki, Nuriyev "Binə" ticarət mərkəzində Türkiyədən gətirilən malların satışı ilə məşğul olur.

Hazırda oğurluq edən şəxslərin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nizami RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla oğurluq törədilməsi (177.3.2-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti