Azərbaycan, Şəki, 14 mart / Trend , müxbir X.Əkbərova /
Azərbaycanın şimal-qərbində yerləşən Şəkidə (paytaxt Bakıdan 352 km məsafədə) 58 yaşlı sakin intihar edib.
Trend -un bölgə müxbirinin verdiyi məlumata görə, şənbə günü saat 10:50 radələrində Şəki şəhəri, Fərman Sadıqov küçəsi, 5 saylı evdə yaşayan İsmayılov Ələsgər Muxtar oğlu yaşadığı evin həyətindəki alaçığın tirindən özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.
Mərhum rayondakı bazarda valyuta mübadiləsi ilə məşğul olurdu. Qeyri-rəsmi məlumata görə, intihara onun kimlərəsə borclu olması səbəb olub.
Prokurorluq əməkdaşları isə hadisə ilə bağlı hələlik heç bir versiya irəli sürmür.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 1 milyon adam özünü öldürür. "Bu rəqəmin təxminən 1 faizi Azərbaycanın payına düşür". - bunu öncə Səhiyyə Nazirliyinin Baş psixiatrı Gəray Gəraybəyli deyib.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada intiharların sayına görə birinci yeri Macarıstan və İsveç bölüşür. Azərbaycanda intihar halları 1 faiz civarındadır.
Gəraybəylinin sözlərinə görə, dünyada özünə qəsd edən insanların təxminən 15 faizi psixi xəstədir.
Gəraybəyli onu da deyib ki, intihar üzrə dünyada cavanlar arasında qadınlar, orta yaşlılar arasında isə kişilər üstünlük təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]