...

Günəşin səthindəki alışma fəallığı Azərbaycanda geomaqnit həyəcanlanması yaradacaq

Hadisə Materials 9 İyun 2011 17:30 (UTC +04:00)
Günəşin səthindəki alışma fəallığı nəticəsində yaranan geomaqnit həyəcanlanması sabah axşamdan başlayaraq Azərbaycanda da hiss olunacaq. Bunu cümə axşamı Trend-ə Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.
Günəşin səthindəki alışma fəallığı Azərbaycanda geomaqnit həyəcanlanması yaradacaq

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İ.İsabalayeva/

Günəşin səthindəki alışma fəallığı nəticəsində yaranan geomaqnit həyəcanlanması sabah axşamdan başlayaraq Azərbaycanda da hiss olunacaq. Bunu cümə axşamı Trend-ə Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, ölkə ərazisində geomaqnit həyəcanlaşması iyunun 11-də də davam edə bilər.

Babayev deyib ki, Günəşin 11 illik fəallıq tsiklinə uyğun olaraq, son bir necə ay ərzində Günəşdə fəallıq getdikcə artmaqdadır. Astronomun sözlərinə görə, bu proses qeyri-adi sayıla bilməz.

"11 ildən bir Günəşin fəallığı özünün maksimum mərhələsinə çatır, sonra tədricən azalır. Son bir necə il ərzində Günəş özünün dərin minimum fəallıq dövrünü yaşayırdı. Amma indi Günəşdə fəallıq getdikcə artmaqdadır. Bu, özünü onda göstərir ki, Günəşin səthində Günəş ləkələrinin sayı artır, onların tutduğu sahə daha çox olur. Bu ləkələrin yanında baş verən Günəş alışmalarının intensivliyi artır. Bundan başqa, bu alışmalar daha çox tac plazma atılmaları ilə müşayiət olunur. Əgər çox böyük enerjiyə və sürətə malik olan yüklü zərrəciklərdən ibarət plazma buludu Yerə doğru yönəlmişsə, bu, geoeffekftiv hal adlanır. Onda bu proses mütləq Yerin üzərindəki sistemlərə - texniki, bioloji və ekoloji sistemlərə təsir göstərə bilər", - Babayev deyib.

O əlavə edib ki, son 1 həftə ərzində yerin maqnit sahəsində bir neçə dəfə həyəcanlaşma müşahidə olunub. Bunun səbəbi həm Günəşdə baş verən alışmalar, tac atılmaları, həm də Günəşin səthində vaxtaşırı olaraq meydana çıxan tac dəliklərindən yüksək sürətli plazma selinin Yerə doğru yönəlməsidir.

Bu günlərdə olan alışmalar isə Günəşin səthində müşahidə olunan 1226 və 1227 nömrəli ləkə regionlarının alışma fəallığının nəticəsidir.

"Mayın 7-də günortaya yaxın alışma baş verib və alışmadan sonra tac plazma atılmaları olub və Yerə doğru yönəlib. Yerlə Günəş arasındakı məsafə təqribən 150 milyon kilometrdir. Bu səbəbdən, təsirlər yalnız indi Yer ətrafı fəzaya çatmaqdadır. Sabah həmin təsir özünü zəif səviyyəli geomaqnit firtınası şəklində göstərəcək. Belə geomaqnit fırtına və ya qasırğası daha çox yuxarı coğrafi en dairələrində olan ərazilərə öz təsirini göstərir. Bunun səbəbi Yerin maqnit sahəsinin qüvvə xətlərinin şimal hissələrdə təqribən perpendikulyar şəklində olmasıdır. Zərrəciklər bizim yaşadığımız orta en dairələrinə nisbətən bu perpendikulyar qüvvə xətləri boyunca daha asanlıqla daxil olur. İkincisi, təsirlərdə müəyyən qədər gecikmələr də baş verir. Bu o deməkdir ki, sabah axşamdan başlayaraq geomaqnit həyəcanlaşması Azərbaycanda da hiss olunacaq. Bu, hələ iyunun 11-də də davam edə bilər", - Babayev qeyd edib.

Astronom deyib ki, alışmalar nəticəsində müşayiət olunan geomaqnit həyəcanlaşmaları və qasırğalar texniki, bioloji sistemlərə, o cümlədən insanlara təsir etsə də, sağlam insanlar bu proseslərə görə təşvişə düşməməlidirlər. Çünki son tədqiqatlar göstərir ki, belə proseslər sağlam insanlarda əksinə, gümrahlıq yaradır. Geomaqnit həyəcanlaşmaları risk qrupuna daxil olan insanlara - xroniki xəstələrə, ahıllara, müəyyən qədər də uşaqlara mənfi təsir göstərə bilər.

Bu təsir nəticəsində diskomfort, qıcıq, müəyyən qədər halsızlıq yaranır, eyni zamanda, impulsiv baş ağrıları da ola bilər.

"Son günlərdə həm də meteoşərait kəskin şəkildə tez-tez dəyişir. Kosmik havanın və meteoşəraitin şıltaqlıqları üst-üstə düşəndə isə mənfi effekt daha da güclənir. Belə hallarda yataqda uzanıb yatmaq elə də məsləhət görülmür. Daha yaxşı olar ki, aktiv şəkildə istirahət edilsin. Risk qrupuna daxil olan insanlar isə mütləq həkim məsləhəti ilə müəyyən profilaktik tədbirlər görə bilərlər", - Babayev deyib.

Maqnit həyəcanlaşmalarının texniki sistemlərə göstərdiyi təsirə gəldikdə, Babayev qeyd edib ki, bu təsir elektron sistemlərdə qısamüddətli ola bilər. Əgər mütəxəssislər onları xüsusi cihazlarla izləyərlərsə, bu təsirləri hiss edə bilərlər.

"Bu təsirlər koordinatları dəqiq təyin etməyə imkan verən GPS siqnallarda da özünü göstərə bilər. Onlarda siqnalın qısamüddətli donma halları ola bilər. Magistral neft-qaz kəmərləri sistemində isə bu təsir onların izolyasiya örtüyünə və mənfi potensialın səviyyəsinə təsir edə bilər", - o bildirib.

"Maqnit həyəcanlaşmaları elektrik verilişləri sisteminə də təsir edə bilir. Transformatorlarda əlavə qızmalara və elektrik verilişi xətlərində isə arzuolunmaz induksiya olunmuş cərəyanların yaranmasına səbəb ola bilər. Bəzən elə hallar olur ki, bu cür əlavə induksiya olunmuş cərəyanlar hansısa siqnalizasiya sisteminin qəfil işə düşməsinə, elektron qaraj qapısının açılmasına gətirib çıxara bilər. Bunların səbəbini dəqiq öyrəndikdən sonra bu halların texniki, yoxsa digər (kosmik) təsirlər nəticəsində baş verdiyini söyləmək olar. Amma bu o demək deyil ki, bu dəfə də mütləq belə təsirlər olacaq. Hər şeyi Günəşin və geomaqnit fırtınasının üzərinə atmaq olmaz", - Babayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti