Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Cəfərov/
İran iki ölkənin sərhədində yerləşən bir neçə əfqan kəndini raket atəşinə tutub. Bu barədə cümə axşamı Trend-ə Əfqanıstan Daxili İşlər Nazirliyinin təmsilçisi Siddiq Siddiqi məlumat verib.
"Təəssüf ki, İran sərhədyanı kəndlərə raket atıb. Biz bunun səbəbini bilmirik", - o deyib.
Siddiqinin sözlərinə görə, hazırda İran və Əfqanıstanın sərhəd polisi tərəfindən hadisə araşdırılır. O qeyd edib ki, eyni zamanda, İran tərəfi də bu məsələyə aydınlıq gətirməlidir.
Siddiqinin sözlərinə görə, raket partlaması nəticəsində heç kim xəsarət almayıb, lakin bir neçə evə ziyan dəyib.
Əfqanıstan KİV-i rəsmi mənbələrə istinadən xəbər yayıb ki, İran tərəfi Əfqanıstanın sərhədyanı əyalətinə "Nimruz 10" raketi atıb.