...

"Ded Hasan"ın qatilinin əl izləri tapılıb (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 17 Yanvar 2013 15:08 (UTC +04:00)
Təhqiqatçılar çərşənbə günü Moskvanın Povarski küçəsində qətlə yetirilən daha çox "Ded Hasan" kimi tanınan kriminal avtoritet Aslan Usoyanın öldürülməsi şəraitinə getdikcə aydınlıq gətirirlər.
"Ded Hasan"ın qatilinin əl izləri tapılıb (ƏLAVƏ OLUNUB-3)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Təhqiqatçılar çərşənbə günü Moskvanın Povarski küçəsində qətlə yetirilən daha çox "Ded Hasan" kimi tanınan kriminal avtoritet Aslan Usoyanın öldürülməsi şəraitinə getdikcə aydınlıq gətirirlər.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təhqiqatçılar "Ded Hasan"a hansı istiqamətdən atəş açıldığını müəyyən edə biliblər. Onlar, həmçinin hadisə yerində qatilin ovcunun izlərini aşkarlayıblar.

Atəş, çox güman ki, Usoyanın olduğu restoranla üzbəüz yerləşən yaşayış binasının 5 və ya 6-cı mərtəbəsindən açılıb.

Təhqiqatçılar ilkin olaraq müəyyən ediblər ki, Usoyan xüsusi xidmət orqanlarına məxsus silahdan qətlə yetirilib. Bu iş üzrə bir sıra ekspertizalar aparılacaq.

Qeyd edək ki, yanvarın 16-da Moskvanın mərkəzində Povarski küçəsində daha çox "Ded Hasan" kimi tanınan kriminal avtoritet Aslan Usoyan öldürülüb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Usoyanı təqribən saat 14:30-da "Karetnıy dvor" restoranının çıxışında güllələyiblər.

RF DİN "Ded Hasan"ın aldığı yaralardan xəstəxanada öldüyünü təsdiq edib.

Artıq Usoyanın qətli ilə bağlı RF CM-in 105-ci maddəsi üzrə cinayət işi açılıb. Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Bu arada hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, Aslan Usoyanın öldürülməsində ən prioritet versiyalardan biri kriminal qruplaşmalar arasında qarşıdurmadır. Bu qətl müxtəlif kriminal strukturların aktivləşməsi və onlar arasında münaqişələrin kəskinləşməsi ilə nəticələnə bilər.

Mənbənin sözlərinə görə, 2010 və 2013-cü illərdə bu şəxsə qarşı törədilən sui-qəsdlər ilkin məlumatlara görə bir-biri ilə əlaqəlidir: "Bu iki sui-qəsd əlaqəlidir və çox güman ki, eyni adamlar tərəfindən hazırlanıb".

Xatırladaq ki, 2010-cu ildə törədilən sui-qəsd zamanı Usoyan ağır yaralansa da, onun həyatını xilas etmək mümkün olmuşdu.

Povarski küçəsindəki sui-qəsddən sonra Aslan Usoyan huşsiz vəziyyətdə Botkinski xəstəxanasına yerləşdirilib. "Usoyan komada, huşsuz vəziyyətdə Botkin xəstəxanasına yerləşdirilib. O, hələ nəfəs alırdı, ürəyi döyünürdü. Xəstə dərhal təcili cərrahiyyə palatasına yerləşdirildi. Orada on dəqiqə sonra öldü", - xəstəxanadan bildirilib.

"Ded Hasan"ın öldürüldüyü atışma zamanı zərər çəkmiş qadın restoranın işçisi olub. O, Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, "qətl" maddəsinə daha bir maddə - "Qanunsuz silah dövriyyəsi" (RF CM-in 222-ci maddəsi) də əlavə edilib.

Kriminal avtoritet "Ded Hasan"ın öldürülməsinə səbəb gürcü oğru icmaları ilə köhnə münaqişəsi olub. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

"Çox güman ki, Aslan Usoyanın gürcü "qanuni oğru"larla münaqişəsi onun ölümünə səbəb olub", - mənbə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti