...

Müdafiə Nazirliyi: Bakıda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş üç zabitdən ikisinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB-14) (FOTO)

Hadisə Materials 11 Fevral 2013 17:57 (UTC +04:00)
Bakıda hərbi helikopter dənizə düşüb. Bu barədə Trend-ə hərbi mənbələrdən məlumat verilib.
Müdafiə Nazirliyi: Bakıda hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş üç zabitdən ikisinin meyiti tapılıb (ƏLAVƏ OLUNUB-14) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:17-də yayılıb)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbirlər İ.İzzət, E.Mehdiyev/

Bakıda hərbi helikopter dənizə düşüb. Bu barədə Trend-ə hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, helikopter "Şıxov" çimərliyi istiqamətində dənizə düşüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerindədir.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə hərbi helikopterin qəzaya uğraması faktını təsdiqləyiblər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım maşını gedib. Onlara saat 10:43-də çağırış daxil olub.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə yerində xilasetmə işlərinə bir hərbi və FHN-ə məxsus 2 helikopter, o cümlədən xilasedici qayıqlar cəlb olunub.

Helikopter sahildən 250-300 metr aralıda dənizə düşüb. Hələlik helikopterin dumana düşərək qəzaya uğradığı ehtimal olunur.

Əraziyə yaxın şahidlərin Trend-in hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, helikopter dənizə düşərkən partlayış baş verib.

Hazırda xilasetmə işlərinə 2 gəmi və 2 qayıq cəlb olunub.

Təsdiqini tapmamış məlumata görə, qəzaya uğramış helikopterdə 3 nəfər olub.

Müdafiə Nazirliyindən Trend-ə daxil olan məlumata görə, bu gün saat 10:30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək.

Hərbi mənbədən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinə məxsus "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyit tapılıb, ikisinin isə axtarışı davam etdirilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bir nəfərin öldüyü barədə məlumatı təsdiqləyiblər.

Hərbi mənbədən Trend-ə bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Bunlar Yaşar Əhmədov, Bəhruz Zeynalov və Rüstəm Rüstəmovdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

FHN-nin rəsmi saytının yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 m məsafədə Xəzər dənizinə helikopter düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc xilasediciləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Həyata keçirilmiş axtarış xilasetmə əməliyyatları nəticəsində 1 nəfərin meyiti sudan çıxarılıb. Hazırda axtarış xilasetmə işləri davam edtirilir.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hərbi təyyarənin qəzası zamanı həlak olan leytenant Zeynalov Bəhruz Novruz oğlunun yaxın günlərdə toyu olacaqmış.

Hərbi təyyarənin qəzaya uğraması nəticəsində həlak olan kapitan Əhmədov Yaşar Mail oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu meyitlərinin tapılması üçün axtarışlar davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, axtarış işlərinə Müdafiə Nazirliyinin gəmiləri, helikopterləri və dalğıcları da cəlb edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib ki, axtarışlar nəticəsində Zeynalov Bəhruz Novruz oğlunun meyiti tapılıb. Qalan bir nəfərin meyitinin tapılması üçün axtarışlar davam edir.

Bundan öncə Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, həlak olanların qohumları bildiriblər ki, qalan iki hərbçinin də meyitləri sudan çıxarılıb.

FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub, eyni zamanda, 2-ci ekipaj üzvünün meyiti sudan çıxarılıb. 3-cü ekipaj üzvünün aşkar edilməsi istiqamətində axtarış xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti